"Belə komandalara müəyyən boşluq versən, ciddi müqavimət göstərərlər"


CEV Çellenc Kubokunun 1/16 final mərhələsində "Ordu"nun üz-üzə gələcəyi Niderlandın "Simpleks SSS" komandası daha ciddi rəqibdir.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan təmsilçisinin baş məşqçisi Cavid Süleymanov deyib.
Mütəxəssis cavab qarşılaşmasında stabilliyi qorumağın vacib olduğunu bildirib:
"İlk oyunda 3:0 hesabı ilə qalib gəlmişik. Hamı bizdən qələbə gözləyirdi. Vacib olan stabilliyi qorumaq idi. Çünki belə komandalara müəyyən boşluq versən, ciddi müqavimət göstərərlər.
Görüş ərzində rəqibin bizə çətinlik yaratdığı məqamlar da oldu. Lakin oyunçularımızın təcrübəsi matçı nəzarətdə saxlamağa imkan verdi və 3:0 hesablı qələbə qazandıq".
C.Süleymanov növbəti mərhələdəki rəqibləri barədə də danışıb:
"Növbəti rəqibimiz olan Niderland təmsilçisi güclü kollektivdir. Hətta əvvəlki mərhələdə qarşılaşdığımız "Forde VBK"dan daha yaxşı komandadır.
Əsas işimiz görüşə ciddi hazırlaşmaq, onların oyunlarını təhlil etmək olacaq. İnanıram ki, bu matçda da özümüzü yaxşı tərəfdən göstərərək qalib gələcəyik".
"Ordu" CEV Çellenc Kubokunun 1/32 final mərhələsində Norveçin "Forde VBK" klubunu (3:0, 3:0) mübarizədən kənarlaşdırıb.
