TAP-ın mənfəətə töhfəsi ötürücülük gücünün artırılması ilə yüksəlib - “Snam”


Trans-Adriatik Boru Kəmərinin (TAP) illik ötürücülük qabiliyyətinin 1,2 milyard kubmetr artırılması İtaliyanın “Snam” şirkətinin kapital payı üzrə investisiyalarından əldə etdiyi düzəliş edilmiş xalis mənfəətin yüksəlməsinə töhfə verib. Şirkətin 2026-cı ilin ilk doqquz ayı üzrə hesabatında bu investisiyalardan əldə olunan düzəliş edilmiş xalis mənfəətin 293 milyon avro təşkil etdiyi açıqlanıb.
Fins.az xəbər verir ki, “Snam”ın hesabatına əsasən, göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon avro və ya 1 faiz artıb.
Mənfəətin yüksəlməsi əsasən 2026-cı ilin yanvarından TAP-ın illik ötürücülük qabiliyyətinin 1,2 milyard kubmetr artırılması nəticəsində layihənin şirkətin maliyyə nəticələrinə töhfəsinin yüksəlməsi ilə əlaqələndirilib.
Hesabatda, həmçinin “Snam”ın iştirak payının azalmasına baxmayaraq, 2025-ci ilin aprelindən “2i Rete Gas” şirkətinin konsolidasiyasına başlanması nəticəsində “Italgas”ın töhfəsinin artmasının da bu nəticəyə təsir etdiyi bildirilib.
“Snam”ın gəlirləri 8,7 faiz artıb
Şirkətin hesabatına görə, “Snam”ın 2026-cı ilin ilk doqquz ayı üzrə ümumi gəliri 3 milyard 43 milyon avro təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 244 milyon avro və ya 8,7 faiz çoxdur.
Birdəfəlik təsirlər nəzərə alınmadıqda gəlirlərin artımı 10,8 faiz təşkil edib.
Gəlirlərin yüksəlməsində əsas amil qaz infrastrukturu sahəsində tənzimlənən fəaliyyətlərdən əldə olunan gəlirlərin artması olub. Bu istiqamət üzrə gəlirlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 207 milyon avro və ya 8 faiz yüksəlib.
TAP Avropaya 64 milyard kubmetrdən çox qaz nəql edib
Qeyd edək ki, TAP Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qazı Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin Avropa hissəsidir. Uzunluğu 877 kilometr olan boru kəməri Yunanıstan-Türkiyə sərhədindən başlayaraq Yunanıstan və Albaniya ərazisindən keçir, Adriatik dənizini keçməklə İtaliyanın cənub sahillərinə çatır.
TAP-ın ilkin illik ötürücülük qabiliyyəti 10 milyard kubmetr təşkil edir. Mövcud infrastrukturun genişləndirilməsi hesabına bu göstəricinin 20 milyard kubmetrə qədər artırılması mümkündür.
Boru kəməri mövcud və perspektivdə yaradılması nəzərdə tutulan yeni infrastruktur vasitəsilə qazın daha geniş regionun bazarlarına çatdırılmasına imkan yaradır. TAP 2022-ci ildə kommersiya fəaliyyətinə başlayan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə də birləşdirilib. Bu bağlantı Xəzər qazının Bolqarıstana tədarükünə şərait yaradıb.
İstismara verildiyi son altı il ərzində TAP vasitəsilə Avropaya 64 milyard kubmetrdən çox qaz nəql edilib.
TAP-ın səhmdarları hər biri 20 faiz paya malik olan bp, SOCAR, “Snam”, “Fluxys” və “Enagás” şirkətləridir.
1 mənbə