Suriya təhlükəsizlik qüvvələri səhrada 142 mindən çox kaptaqon həbinin qaçaqmalçılığının qarşısını alıb


Suriya təhlükəsizlik qüvvələri isti hava şarlarından istifadə etməklə ölkənin cənubundakı səhradan qonşu dövlətlərə 142 mindən çox kaptaqon həbinin keçirilməsi cəhdini aşkarlayaraq qarşısını alıb.
Ordu.az xəbər verir ki, bu barədə “North Press” nəşri məlumat yayıb.
Suriya təhlükəsizlik qüvvələri şənbə günü iki qaçaqmalçılıq cəhdinin qarşısının alındığını açıqlayıb.
Daxili Təhlükəsizlik Qüvvələrinin ixtisaslaşmış bölmələri Narkotiklərlə Mübarizə İdarəsi ilə koordinasiyalı şəkildə narkotik maddə yükləri daşıyan iki isti hava şarını aşkar ediblər. Şarlar endirildikdən sonra onlardan 142 mindən çox kaptaqon həbi götürülüb.
Açıqlamada bildirilir ki, hadisə ilə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində araşdırmalar davam edir. Bununla belə, narkotiklərin hansı ölkələrə göndərilməsinin planlaşdırıldığı açıqlanmayıb və hər hansı şəxsin saxlanılması barədə məlumat verilməyib.
Noyabrın 16-da Narkotiklərlə Mübarizə İdarəsi Livandan Suriya-Livan sərhədi vasitəsilə 261 min kaptaqon həbinin keçirilməsi cəhdinin qarşısının alındığını açıqlamışdı. İdarənin məlumatına görə, narkotik maddələrlə birlikdə bir şübhəli saxlanılıb və müvafiq məhkəmə orqanına təhvil verilib.
Suriyanın Daxili İşlər Nazirliyi oktyabr ayında 157 təhlükəsizlik əməliyyatının keçirildiyini bildirib. Həmin əməliyyatlar nəticəsində ölkə daxilində fəaliyyət göstərən 30 qaçaqmalçılıq şəbəkəsi dağıdılıb, 4,3 milyondan çox kaptaqon həbi, 582 kiloqram həşiş və digər narkotik maddələr müsadirə edilib.
Sevinc Əliyeva Ordu.az
.webp)