Süni intellekt xarici siyasətdə həlledici amilə çevrilib - Adrian-Victor Vevera


“Süni intellekt artıq sadəcə innovasiya aləti deyil, xarici siyasətdə həlledici amilə və diplomatiya üçün yeni qaydalar müəyyən edən qüvvəyə çevrilib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun baş direktoru Adrian-Victor Vevera Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
A.Vevera xatırladıb ki, 2024-cü ildə Bakıda keçirilən ilk konfrans çərçivəsində ICANN və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu arasında Kiberdiplomatiya Təlim Mərkəzinin yaradılmasına dair saziş imzalanıb.
Onun sözlərinə görə, həmin təşəbbüs nəticəsində Bakıda kiberdiplomatiya üzrə ilk təlim mərkəzi fəaliyyətə başlayıb və mərkəz dövlət rəsmilərini müvafiq təlimlərdə bir araya gətirir.
İnstitutun baş direktoru bildirib ki, builki konfransın mövzusu texnoloji geosiyasətlə beynəlxalq təhlükəsizliyin kəsişməsini əks etdirir.
O vurğulayıb ki, süni intellekt artıq sadəcə innovasiya aləti deyil, xarici siyasətdə həlledici amilə və diplomatiya üçün yeni qaydalar müəyyən edən qüvvəyə çevrilib.
A.Veveranın fikrincə, müasir dövrdə informasiya müharibəsinin idarə olunması, rəqəmsal müdafiə, eləcə də dövlətlərin kiberməkanda məsuliyyətli davranışı və hesabatlılığının təmin edilməsi əsas çağırışlardandır.
Adrian-Victor Vevera diqqətə çatdırıb ki, dövlət qurumları heç bir ölkənin təkbaşına nəzarət etmədiyi texnoloji infrastrukturdan və təcrübədən asılı olduqları şəraitdə müstəqil qərar qəbul etmək imkanlarını qoruyub saxlamalıdırlar.
O, strateji muxtariyyətin ölkənin həyati əhəmiyyətli xidmətlərin fəaliyyətini davam etdirmək, vəziyyəti müstəqil qiymətləndirmək və tərəfdaşlardan tam asılı vəziyyətə düşmədən onlara müraciət etmək imkanları ilə ölçülə biləcəyini bildirib.
A.Vevera qeyd edib ki, güclü tərəfdaşlıq hər bir tərəfə daha geniş fəaliyyət imkanları yaradır.
Zeynəb Rzayeva
1 mənbə