Süni intellekt nüvə silahını əvəz edə bilər? – Yeni qlobal təhlükə barədə xəbərdarlıq


20.11.2026 - 14:31
Süni intellekt artıq yalnız texnologiya və iqtisadiyyat sahəsinin mövzusu deyil, dövlətlərin təhlükəsizlik strategiyalarına, kəşfiyyat imkanlarına, informasiya müharibələrinə və geosiyasi rəqabətinə təsir edən amilə çevrilir. Son dövrdə qlobal təhlükəsizlik məsələlərinin müzakirəsində kiberhücumlar, rəqəmsal təhdidlər və süni intellektin terrorçuluq və digər təhlükələr üçün istifadə olunması xüsusi diqqət çəkir. Azərbaycanın da beynəlxalq təhlükəsizlik gündəliyində texnoloji risklər və yeni təhdidlər mövzusu aktuallaşır. Belə bir şəraitdə süni intellektin inkişafı dövlətlər üçün yalnız texnoloji üstünlük deyil, həm də strateji güc məsələsi kimi qiymətləndirilir.
Əvvəllər dövlətlər arasında güc balansı əsasən hərbi arsenal, iqtisadi imkanlar və siyasi ittifaqlarla müəyyən olunurdu. İndi isə süni intellekt bu balansı dəyişə biləcək yeni amilə çevrilir. Sizcə, yaxın gələcəkdə süni intellektə sahib olmaq dövlətlər üçün nüvə silahına sahib olmaq qədər strateji əhəmiyyət daşıya bilərmi? Bu texnologiyada geri qalan ölkələr yeni dünya düzənində hansı risklərlə üzləşəcək?
Beynəlxalq məsələlər üzrə siyasi şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, süni intellekt artıq bütün dünyanı əhatə edib və bu texnologiyadan istifadə getdikcə genişlənir:
“Hesab edirəm ki, hazırda hansısa ölkənin bu sahədə geri qalacağını söyləmək doğru olmaz. Çünki bütün dünyada süni intellektə yiyələnmək uğrunda ciddi yarış gedir. Bu rəqabətə mane olan hər hansı bir qüvvə də görünmür. Ona görə də ayrı-ayrı ölkələrin bu texnologiyadan kənarda qalacağını düşünmürəm. Digər tərəfdən, süni intellektin inkişafının təhlükəli istiqamətə yönəlməsi ilə razıyam. Bu texnologiya artıq geniş şəkildə tətbiq olunur və getdikcə daha təhlükəli xarakter alır. Düşünürəm ki, onun qarşısını ala biləcək, istifadəsini tənzimləyəcək beynəlxalq bir sistem formalaşdırılmalıdır. Ancaq görünən odur ki, belə bir sistemin yaradılmasında maraqlı olan qüvvələr yoxdur. Əksinə, əsas maraq süni intellektin daha da inkişaf etdirilməsinə və imkanlarının genişləndirilməsinə yönəlib. Artıq dünya əvvəlki dünya deyil. Süni intellektin nüvə silahına sahib ölkələr kimi yeni güc mərkəzləri yaradacağını düşünmürəm. Bu baxımdan, süni intellektin nüvə silahı səviyyəsində yeni dövlətlərarası güc bölgüsü formalaşdıracağı fikrini real hesab etmirəm. Bununla belə, bir daha qeyd etmək istəyirəm ki, süni intellektin hazırkı inkişaf istiqaməti heç də yaxşı deyil. Bu texnologiya gələcəkdə daha təhlükəli fəsadlara yol aça biləcək bir mərhələyə doğru gedir”.
Onun sözlərinə görə, nüvə məsələsinə gəlincə, 11-ci nüvə ölkəsinin ortaya çıxacağını düşünmür:
“Son olaraq, Çindəki 3 dünya gücü rəhbərinin görüşündə də nüvə məsələsinin ciddi şəkildə müzakirə olunması bunu göstərdi. Dünya imkan verməz ki, yeni bir nüvə ölkəsi orytaya çıxsın”.
//Gülnarə Abasova, Editor.az
1 mənbə