Süni intellekt insanlara tapşırıq verib pul ödəyəcək: Təhlükəli ssenari gündəmdə


Süni intellekt texnologiyaları yaxın gələcəkdə insanlara müəyyən tapşırıqlar verərək onların müqabilində pul ödəyə bilər. İlk baxışda sadə və gəlirli görünən bu sistemin ciddi təhlükələrə yol aça biləcəyi bildirilir.
Bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat yayıb.
Kibertəhlükəsizlik üzrə mütəxəssis Burak Bozkurtların sözlərinə görə, proses ilk mərhələdə gündəlik və zərərsiz görünən tapşırıqlarla başlaya bilər. Məsələn, süni intellekt istifadəçidən yaşadığı ərazidəki marketin tərəvəz-meyvə şöbəsinin şəklini çəkməyi və sistemə göndərməyi tələb edə bilər. İstifadəçi isə bunun müqabilində ödəniş alar.
Mütəxəssis bildirib ki, şirkətlər insanların yaşadığı şəhər, gündəlik vərdişləri və hərəkət marşrutları barədə məlumatları süni intellektlə paylaşa bilər. Tapşırıqları yerinə yetirdikcə daha çox qazanan insanlar isə yeni tapşırıqlar götürməyə həvəslənə bilərlər.
Lakin Bozkurtlar gələcəkdə bu sistemin təhlükəli məqsədlər üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq edib. Belə ki, insanlardan dövlət müəssisələrinin giriş-çıxışını videoya çəkmək, müəyyən ərazilərin davamlı fotolarını çəkmək, konkret avtomobil və ya şəxslərin görüntülərini sistemə yükləmək istənilə bilər.
Mütəxəssisin fikrincə, insanlar pul qazanmaq motivasiyası ilə bu tapşırıqları yerinə yetirərkən əslində həssas məlumatların toplanmasına xidmət etdiklərinin fərqinə varmaya bilərlər. Bu isə şəxsi məlumatların təhlükəsizliyi və casusluq baxımından ciddi risklər yarada bilər.
1 mənbə