"Süni intellekt əsaslı həllərdəki zəifliklər kritik informasiya infrastrukturu üçün ciddi təhdid yaradır" - Davud Rüstəmov


Süni intellekt əsaslı tətbiqlərdə istifadə olunan köhnəlmiş kitabxanalar və digər zəifliklər kritik informasiya infrastrukturu üçün ciddi kibertəhlükələr yaradır.
Ordu.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində baş tutan “Kritik infrastrukturun qorunması: Transsərhəd və milli təhlükəsizlik risklərinin idarə edilməsi” adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan 2020-ci ildən etibarən kritik infrastrukturla bağlı qanunvericilik bazasının formalaşdırılmasına başlayıb və bu prosesdə İsrail, Türkiyə, İtaliya, ABŞ və digər inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edib.
“Qanunvericiliyimizdə öz yanaşmamız var. Hər kəs qanunvericilik aktları vasitəsilə bu sahədəki təcrübəmizlə tanış ola bilər”, – deyə D.Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qanunvericilik işləri yekunlaşıb. Dövlət Təhlükəsizliyi Xidməti bu sahədə təhlükəsizliyə cavabdeh əsas qurum kimi müəyyən edilib və kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzərində dövlət nəzarətini həyata keçirir. Xidmət, eyni zamanda, qlobal xarakter daşıyan kibertəhdidlərə qarşı mübarizə aparır.
D.Rüstəmov diqqəti süni intellekt texnologiyalarının yaratdığı risklərə yönəldərək bildirib ki, hazırda bu texnologiyalar əsasında hazırlanan tətbiqlərin əksəriyyətində müəyyən zəifliklər mövcuddur.
“Demək olar ki, bütün süni intellekt əsaslı tətbiqlərdə müxtəlif zəifliklər var. Çünki onlarda fərqli, o cümlədən köhnəlmiş proqram kitabxanalarından istifadə olunur. Bu zəifliklər digər süni intellekt əsaslı həllərdən istifadə edən kiberhücumlara yol aça bilər”, – deyə o vurğulayıb.
O qeyd edib ki, xüsusilə dövlətlə əlaqəli aktorlar kritik informasiya infrastrukturlarını hədəf alırlar. Dövlət Təhlükəsizliyi Xidməti bu istiqamətdə müxtəlif vəzifələri, o cümlədən antiterror, əks-kəşfiyyat və kibercinayətkarlığa qarşı mübarizə tədbirlərini həyata keçirir.
Mərkəzin rəisi bildirib ki, xidmət sahədə rəqəmsal kriminalistika araşdırmaları aparır, təhlükəsizlik auditləri və nüfuzetmə testləri keçirir. Eyni zamanda, komprometasiya göstəriciləri (IoC) həm kritik infrastruktur operatorları və digər maraqlı tərəflər, həm də xarici tərəfdaşlarla mütəmadi paylaşılır.
“Beynəlxalq tərəfdaşlığımızı genişləndirməkdə maraqlıyıq. Çünki zərərli IP ünvanlarının, domenlərin, heşlərin və digər komprometasiya göstəricilərinin vaxtında paylaşılması imkanlarımızı gücləndirir və qlobal təhdidlərə qarşı mübarizədə mühüm rol oynayır”, – deyə D.Rüstəmov bildirib.
Milli təhlükəsizlik qurumlarının diqqət yetirməli olduğu prioritetlərdən danışan D.Rüstəmov ilk növbədə süni intellektin təhdid mənzərəsini necə dəyişdirdiyinin davamlı izlənilməsinin vacibliyini qeyd edib.
Onun sözlərinə görə, süni intellekt artıq kəşfiyyat və özünü başqa şəxs kimi təqdim etmə (impersonation) kimi mövcud hücum taktikalarının daha sürətli və geniş miqyasda həyata keçirilməsinə imkan verir. Buna görə də təhdid yaradan aktorların fəaliyyətinin, onların hansı üsullardan istifadə etdiyinin, eləcə də infrastruktur operatorlarının hücumları vaxtında aşkarlamaq və onlara cavab vermək imkanlarının davamlı qiymətləndirilməsi vacibdir.
O bildirib ki, bu məqsədlə milli kiber mərkəzlər, kəşfiyyat xidmətləri və infrastruktur operatorları bir araya gəlməli, müşahidə etdikləri təhdidlər barədə məlumat mübadiləsi aparmalı və cavab planlarını sınaqdan keçirməlidirlər.
D.Rüstəmov qeyd edib ki, Azərbaycanda bu istiqamətdə özəl sektor nümayəndələrinin də iştirak etdiyi MISP adlı zərərli proqram təminatı və təhdid məlumatlarının mübadiləsi platforması fəaliyyət göstərir. Kritik infrastruktur operatorları, dövlət qurumları və digər könüllü iştirakçılar platformaya qoşularaq gündəlik olaraq zərərli komprometasiya göstəriciləri ilə bağlı məlumatları paylaşırlar.
O əlavə edib ki, Azərbaycan beynəlxalq MISP platformalarına da qoşulub və burada mübadilə olunan zərərli göstəriciləri yerli tərəfdaşlarla bölüşür.
Mərkəzin rəisi ikinci prioritetin beynəlxalq əməkdaşlığın əməliyyat səviyyəsinə keçirilməsi olduğunu vurğulayıb. Bildirib ki, tərəfdaş ölkə kiberhücum kampaniyasının ilkin əlamətlərini hədəfə alınan ölkənin operatorlarından daha əvvəl müəyyən edə bilər. Lakin erkən xəbərdarlıq yalnız vaxtında müvafiq şəxslərə çatdırıldıqda və konkret tədbirlərin görülməsinə imkan yaratdıqda əhəmiyyət daşıyır.
“Milli insidentlərə reaksiya qrupları arasında etibarlı, sutkanın 24 saatı fəaliyyət göstərən kommunikasiya kanallarına və təhdid kəşfiyyatı məlumatlarının sürətli mübadiləsi üçün razılaşmalara ehtiyacımız var. Həmçinin real transsərhəd insidentlər zamanı koordinasiyanın necə həyata keçiriləcəyini yoxlamaq üçün birgə təlimlər keçirməliyik”, – deyə o bildirib.
D.Rüstəmov qeyd edib ki, ölkələrin hazırlıq səviyyəsi bir neçə mühüm sual əsasında qiymətləndirilməlidir: təhdidləri nə qədər tez müəyyən etmək mümkündür, tərəfdaşlarla nə qədər sürətlə hərəkətə keçmək olar və kiberinsidentə cavab verilərkən vacib xidmətlərin fasiləsiz fəaliyyəti təmin edilə bilərmi?
O, həmçinin kollektiv müdafiəyə əsaslanan vahid milli kibertəhlükəsizlik mənzərəsinin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb. Onun fikrincə, belə bir sistem kritik infrastruktur operatorları, sektor tənzimləyiciləri, insidentlərə reaksiya qrupları, hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətlərindən daxil olan məlumatları vahid platformada birləşdirməlidir.
D.Rüstəmovun sözlərinə görə, erkən xəbərdarlıq sistemi hansı vacib xidmətlərin təsirləndiyi, təhdidin digər operatorlara və ya sektorlara yayılma ehtimalı, eləcə də təsdiqlənmiş məlumatlarla hələ araşdırılan məqamlar barədə aydın təsəvvür yaratmalıdır. Eyni zamanda, operatorlara vaxtında xəbərdarlıq və konkret tədbirlərin görülməsi üçün təlimatlar təqdim edilməlidir.
Çıxışının sonunda D.Rüstəmov dövlət qurumlarını hədəf alan, o cümlədən süni intellektdən istifadə edilən kiberhücumların müasir tendensiyalarının da izlənildiyini bildirib.
O, xüsusilə “darknet” resurslarında yayılan senzurasız süni intellekt modellərinin yaratdığı təhlükələrə diqqət çəkib. Qeyd edib ki, belə modellər zərərli aktorlara kiberhücumları həyata keçirmək və avtomatlaşdırmaq, eləcə də mürəkkəb hücum ssenariləri hazırlamaq üçün geniş imkanlar yaradır.
“Bu, çox ciddi problemdir. Hüquq-mühafizə orqanları belə mürəkkəb hücumlarla mübarizəyə hər zaman hazır olmaya bilər. Rəqəmsal dövrdə ənənəvi üsullarla araşdırılması olduqca çətin olan hücumlarla üzləşirik”, – deyə D.Rüstəmov vurğulayıb.
Ordu.az
Dərc vaxtına görə