Süni intellekt ekologiyanı xilas edə bilərmi? – AÇIQLAMA


CƏMİYYƏT SON DƏQİQƏ
18 noyabr 2026 14:40 544 baxış
Ekoloji problemlərin vaxtında aşkarlanması və ətraf mühitin qorunması istiqamətində müasir texnologiyaların rolu getdikcə artır. Xüsusilə süni intellektin inkişafı ekoloji monitorinq, təbii fəlakətlərin proqnozlaşdırılması və ətraf mühitə dəyən zərərin müəyyənləşdirilməsi üçün yeni imkanlar yaradır.
Bəs süni intellekt ekoloji problemlərin aşkarlanmasında nə dərəcədə effektivdir və Azərbaycanda bu texnologiyadan hansı istiqamətlərdə istifadə oluna bilər?
Bu barədə Ekologiya.az-a açıqlama verən ekoloq Aynurə Miriyeva bildirib:
"Süni intellektin imkanları genişdir. Süni intellekt böyük həcmli məlumatları (Big Data) qısa müddətdə emal etmək qabiliyyəti sayəsində ekoloji tədqiqatlarda geniş tətbiq olunur. Bu texnologiya kosmosdan çəkilən peyk görüntülərini analiz edərək meşələrin qırılmasını, buzlaqların əriməsini və qanunsuz tikililəri dərhal aşkarlayır. Eyni zamanda, ağıllı sensorlar vasitəsilə hava və su hövzələrindəki zərərli tullantılar 24/7 rejimində izlənilir. Meşə yanğınlarının və daşqınların əvvəlcədən proqnozlaşdırılması da məhz maşın öyrənməsi modelləri sayəsində mümkün olur".
Onun sözlərinə görə, süni intellekt ekoloji monitorinqi asanlaşdırsa da, enerji və su sərfiyyatı, eləcə də yanlış qərarvermə riskləri nəzərə alınmalıdır:
"Ekoloji monitorinqdə Sİ-dən istifadə insan faktorunu minimuma endirir, çətin əlçatan ərazilərə dronlar vasitəsilə nəzarəti asanlaşdırır və resurslara qənaət edir. Lakin bu texnologiyanın özünün də "ekoloji izi" var: nəhəng data mərkəzlərinin işləməsi üçün külli miqdarda elektrik enerjisi və su sərf olunur. Bundan əlavə, yanlış məlumatlar əsasında öyrədilən alqoritmlərin səhv qərarlar verməsi riski də diqqətdə saxlanılmalıdır".
"Ölkəmizdə "yaşıl enerji"yə keçid və rəqəmsal transformasiya fonunda bu sahədə böyük potensial mövcuddur. Xəzər dənizinin ekoloji vəziyyətinin izlənməsi, sənaye zonalarında emissiyalara nəzarət və işğaldan azad edilmiş ərazilərdə "ağıllı kənd" konsepsiyası çərçivəsində ekosistemin bərpası üçün yerli məlumat bazalarının yaradılması və startapların dəstəklənməsi prioritet addımlardır",-deyə mütəxəssis sonda əlavə edib.
Zümrüd Abidqızı