Süni intellekt diplomatiyanı dəyişir: Dövlətləri nə gözləyir?


“Süni intellekt beynəlxalq münasibətlərdə yeni diplomatik alətə çevrilir, yoxsa beynəlxalq əlaqələrin mahiyyətini dəyişən yeni dövr başlayır?”
Bakıvaxtı.az xəbər verir ki, bu sualı UNESCO üzrə Milli Komissiyanın Baş katibi, Xüsusi Tapşırıqlar üzrə Səfir Elman Abdullayev Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində keçirilən panel müzakirəsində səsləndirib.
O bildirib ki, süni intellekt iqtisadiyyatı, cəmiyyəti və institutları sürətlə dəyişdirir. Bununla yanaşı, texnologiyanın təsiri yalnız rəqəmsal əlaqələrlə məhdudlaşmır. Süni intellekt getdikcə beynəlxalq münasibətlərə, iqtisadi rəqabətə, milli təhlükəsizliyə və qlobal idarəetməyə təsir edən amilə çevrilir.
Elman Abdullayev panel müzakirəsində süni intellektin beynəlxalq əməkdaşlığı gücləndirəcəyi, yoxsa geosiyasi rəqabəti daha da kəskinləşdirəcəyi məsələsinə də diqqət çəkib.
O, xüsusilə kiçik və orta ölçülü dövlətlərin bu prosesdəki mövqeyinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, süni intellekt sahəsində yeni rəqabət həmin ölkələr üçün əlavə imkanlar yaradacaq, yoxsa texnoloji gücə malik azsaylı dövlətlərin təsirini daha da artıracaq – bu, müzakirə olunmalı əsas məsələlərdəndir.
Səfirin sözlərinə görə, kiçik və orta ölçülü ölkələr də süni intellektlə bağlı qlobal müzakirələrdə iştirak etməli və qərarların qəbulunda təmsil olunmalıdırlar.
Zeynəb Rzayeva