Süni intelekt 2-3 ildə böyük dəyişikliklər yaradacaq - XƏBƏRDARLIQ


Azərbaycanda 2028-ci ilə qədər 500 süni intellekt mühəndisinin hazırlanması və 3 min nəfərlik süni intellekt icmasının formalaşdırılması planlaşdırılır. Bu proses ölkədə yeni texnologiyaların inkişafı ilə yanaşı, əmək bazarında da ciddi dəyişikliklərin gözlənildiyini göstərir. Xüsusilə bank, ticarət, logistika və xidmət sahələrində bir sıra iş proseslərinin avtomatlaşdırılması gündəmdədir.
Bəs süni intellektin yayılması hansı peşələrə tələbatı azaldacaq, hansıları isə daha vacib edəcək? İşçilər yeni texnologiyalarla rəqabət aparmalı, yoxsa onlarla işləməyi öyrənməlidirlər?
İnformasiya texnologiyaları mütəxəssisi Eyvaz Kərimov Sfera.az-a açıqlamasında bildirib ki, süni intellektin təsiri Azərbaycanda yaxın 2-3 il ərzində daha çox bank sektorunda, ticarətdə, logistika sahəsində, müştəri xidmətlərində və ofis işlərində hiss olunacaq.
Onun sözlərinə görə, bu sahələrdə gündəlik görülən işlərin böyük hissəsini artıq süni intellekt vasitəsilə avtomatlaşdırmaq mümkündür:
“Əvvəllər bir neçə əməkdaşın saatlarla yerinə yetirdiyi hesabatların hazırlanması, məlumatların təhlili, sənədlərin yoxlanılması və müştəri müraciətlərinin cavablandırılması kimi proseslər indi daha qısa müddətdə həyata keçirilə bilir. Bu isə şirkətlərə həm vaxta, həm də xərclərə qənaət etməyə imkan yaradır”.
Mütəxəssis hesab edir ki, süni intellekt kütləvi şəkildə iş yerlərini aradan qaldırmayacaq, lakin bir sıra peşələrin məzmununu dəyişəcək. O bildirib ki, fəaliyyəti əsasən təkrarlanan əməliyyatlara əsaslanan şəxslərin iş tapması çətinləşə bilər:
“Əvəzində süni intellekt sistemləri ilə işləməyi, onları şirkətlərin mövcud infrastrukturuna inteqrasiya etməyi bacaran mütəxəssislərə tələbat artacaq. Süni intellektin düzgün tətbiqi üçün insan biliyi və nəzarəti hələ də vacibdir. Belə texnologiyaların şirkətlərdə istifadəsindən əvvəl iş prosesləri, məlumat bazası və texniki infrastruktur düzgün qiymətləndirilməlidir.
Qarşıdakı illərdə əsas məsələ insanların işsiz qalması deyil, yeni texnologiyalara uyğunlaşması olacaq. Öz sahəsini bilən və süni intellektdən düzgün istifadə etməyi bacaran mütəxəssislər əmək bazarında daha üstün mövqeyə sahib olacaqlar”.
Mütəxəssis Azərbaycanda 500 süni intellekt mühəndisinin hazırlanması və 3 min nəfərlik icmanın yaradılması planını da müsbət qiymətləndirib. Bununla belə, onun qənaətinə görə, yalnız süni intellekt mühəndislərinin yetişdirilməsi kifayət deyil.
“Mühasiblər, maliyyəçilər, marketoloqlar, müəllimlər, logistika mütəxəssisləri və digər peşə sahibləri də gündəlik fəaliyyətlərində bu texnologiyalardan istifadə etməyi öyrənməlidirlər. Gələcəyin əmək bazarında üstünlük yalnız süni intellekt yaradanlara deyil, bu texnologiyanı öz peşəsində düzgün tətbiq edə bilən insanlara məxsus olacaq”, - mütəxəssis bildirib.
İradə Elsevər
Sfera.az