Yenidən vəzifəyə təyin edilən Elxan Nəcəfov KİMDİR? - DOSYE


Xəbər verdiyimiz kimi, Sumqayıt (Abşeron-Xızı) Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Elxan Nəcəfov təyin edilib.
NOCOMMENT.az Elxan Nəcəfovun dosyesini təqdim edir:
Elxan Tarqulu oğlu Nəcəfov 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində alıb. 2016-cı ildə magistratura pilləsini tamamladıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktorantura səviyyəsinə qəbul olunub.
Əmək və pedaqoji fəaliyyətinə ümumtəhsil məktəblərində müəllim kimi başlayan E.Nəcəfov bir müddət “Hədəf” Tədris Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində çalışıb.
2016-2020-ci illərdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərib. 2021-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri təyin olunub.
2022-ci ilin aprel ayında Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib və 2023-cü ilin oktyabr ayınadək bu quruma rəhbərlik edib.
2023-cü ilin oktyabrında Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini təyin olunub və eyni zamanda nazir səlahiyyətlərini icra edib. 2024-cü il mayın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə təhsil naziri vəzifəsinə təsdiq edilib. O, 2026-cı il sentyabrın 25-də həmin vəzifədən azad olunub.
Elxan Nəcəfov həm də bir sıra dərslik və dərs vəsaitlərinin müəllifi, lüğətlərin tərtibçisidir. O, Elm və Təhsil Nazirliyinin, eləcə də Təhsil İnstitutunun Avropa İttifaqı, UNICEF, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), ANAMA və digər beynəlxalq təşkilatlarla birgə həyata keçirdiyi layihələrdə rəhbər və koordinator kimi çıxış edib.
