Sumqayıt Bulvarında işçilər üçün xüsusi geyim və çəkmələr alınır — 31,5 min manatlıq


Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən "Sumqayıt Bulvar" Məhdud Məsuliyyətli Cəmiyyəti işçi heyətinin mövsümi və təhlükəsizlik geyimləri ilə təmin olunması məqsədilə satınalma elan edib.
32gun.az-ın verdiyi məlumata görə, qurum xüsusi geyimlərin (paltarların və ayaqqabıların) satın alınması üzrə müqavilə bağlamağı planlaşdırır. Layihənin ehtimal olunan dəyəri 31.573,00 AZN (31,5 min manatdan çox) müəyyən edilib.
Tender şərtlərinə əsasən, cəmiyyət tərəfindən işıqqaytarıcı elementlərlə təchiz olunmuş 150 dəst xüsusi yay forması, 100 dəst qış forması, 100 ədəd yağmurluq plaş, 100 ədəd xəbərdaredici jilet, 30 ədəd qadın xalatı, 20 ədəd isti astarlı qış gödəkçəsi, həmçinin yay və qış mövsümləri üçün ümumilikdə 60 cüt (30 cüt qısaboğaz, 30 cüt uzunboğaz) həqiqi dəridən hazırlanmış, metal barmaq qapaqlı təhlükəsizlik çəkmələri alınacaq.
Satınalma tələblərində xalat və gödəkçələrin üzərində sap tikişlə loqo və naxışların işlənməsi, eləcə də ayaqqabı və xüsusi geyimlərin işçilərdən fərdi ölçülər götürülməklə tikilərək çatdırılması şərt kimi qoyulub.
Ayaz
Dərc vaxtına görə