“Sülh sazişi ləngisə, Ermənistanın enerji və logistika maraqları riskə düşəcək” – İrəvan konstitusiyaya əl gəzdirməyə hazırlaşır?


Cənubi Qafqazda sülh artıq reallığa çevrilsə də, onun davamlı sabitliyə qovuşması üçün müəyyən addımların atılması vacibdir. Son dövrlər Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın səsləndirdiyi fikirlər ictimaiyyəti yekun sülh sazişinin imzalanmasına hazırlamaq məqsədi daşıyır. İrəvan dərk edir ki, sənədin imzalanmasını ləngitmək ölkənin öz maraqlarına, xüsusilə də enerji təhlükəsizliyi və logistika sahələrinə zərbə vurur. Azərbaycan isə bu sənəd olmadan da öz inkişaf xəttini davam etdirir və yeni mərhələyə qədəm qoyur. Bununla yanaşı, rəsmi İrəvan daxildə bu prosesə qarşı çıxan qüvvələrin, o cümlədən Rusiyanın agentura şəbəkəsinə bağlı dairələrin müqaviməti ilə üz-üzədir.
Bu barədə Oxu24.com-a açıqlamasında politoloq Elçin Xalidbəyli danışıb.
Politoloqun sözlərinə görə, Ermənistan hakimiyyəti yekun sülh sazişinin imzalanmasında maraqlıdır, çünki sənədin olmaması İrəvan üçün ciddi risklər yaradır: “Paşinyan hakimiyyəti artıq anlayır ki, yekun sülh sazişinin imzalanmasının gecikdirilməsi ilk növbədə Ermənistanın maraqlarına zərbə vurur. Azərbaycan həmin sənəd olmadan da öz inkişaf dövrünü davam etdirir və yeni mərhələyə keçirilir. Ancaq Ermənistan üçün yekun sülh sazişinin imzalanmaması müəyyən problemlər yaradır, xüsusilə də Ermənistanın enerji təhlükəsizliyi və logistika sahələri üzrə maraqları ciddi risk altındadır. Təbii ki, bunu anlayırlar, ona görə də mümkün qədər tez bir zamanda yekun sülh sazişinin imzalanmasında maraqlıdırlar”.
Elçin Xalidbəyli qeyd edib ki, sülh prosesində Ermənistan daxilindəki siyasi konyunktura və kənar təsirlər də rol oynayır:
“Paşinyan hakimiyyətinin Azərbaycanla sülh sazişi imzalanması məsələsində Ermənistan daxilinə bağlı ciddi problemləri mövcuddur. Ermənistanın daxilində Rusiyanın agentura şəbəkəsinə aid siyasi qüvvələr mövcuddur və bu siyasi qüvvələr heç bir halda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin bağlanmasını istəmirlər və təlimatlar da əsasən Kremldən gəlir. Yəni həmin qüvvələrin maraqları ilə Kremlin təlimatları üst-üstə düşür”.
Ekspert vurğulayıb ki, rəsmi Bakının yekun sülh sazişi ilə bağlı əsas şərti dəyişməzdir və bu, Ermənistanın konstitusiyasında əksini tapan ərazi iddialarının aradan qaldırılmasını nəzərdə tutur:
“Həm Paşinyan, həm Mirzoyan Ermənistan cəmiyyətinə anlatmaq istəyirlər ki, yekun sülh sazişini imzalamadan Ermənistanı yeni inkişaf mərhələsinə çıxartmaq mümkün olmayacaq. Ona görə də bu məsələni gecikdirmədən həll etmək lazımdır. Burada da eyham vurulur ki, yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın şərti mütləq yerinə yetirilməlidir. Azərbaycanın da şərti ondan ibarətdir ki, yekun sülh sazişi imzalanmazdan əvvəl Ermənistan konstitusiyasında Azərbaycana yönəlik ərazi iddiaları ilə bağlı müddəalar mütləq ləğv olunmalıdır və bunun üçün də təbii ki, Ermənistan konstitusiya islahatlarına, konstitusiya dəyişikliklərinə yetməlidir”.
Politoloqun qənaətincə, İrəvan yeni konstitusiya layihəsini ictimai müzakirəyə çıxarmağa hazırlaşır və cəmiyyəti bu dəyişikliklərə hazırlayır:
“Paşinyan hakimiyyəti artıq yeni konstitusiyanın layihəsini ictimai müzakirəyə çıxartmağa hazırlaşır və belə anlaşılır ki, Paşinyan hakimiyyətinin əsas təmsilçiləri son açıqlamaları ilə Ermənistan cəmiyyətini məhz konstitusiyanın dəyişdirilməsinə hazırlamaq, ictimai rəyi bu istiqamətdə formalaşdırmaq və sonra da konstitusiya Azərbaycanın şərtləri daxilində dəyişdirildikdən sonra Azərbaycanla yekun sülh sazişinin imzalanmasına çalışır. Və böyük ehtimalla bu proses hələ bir müddət davam edə bilər”.
Çimnaz Telmanqızı
Həmçinin oxuyun
