Stefen Karri iki həftəlik sıradan çıxıb


"Qolden Steyt Uorriors"un ulduz oyunçusu Stefen Karri qarın əzələsindəki zədə səbəbindən ən azı iki həftə meydana çıxmayacaq.
Offsideplus.az xəbər verir ki, klubun yaydığı məlumata əsasən, MRT müayinəsi nəticəsində Karrinin qarın əzələsində yırtıq aşkarlanıb. O, "Hyuston Rokets"lə oyunun ilk hissəsində zədə alaraq meydanı tərk edib və qarşılaşmaya qayıtmayıb. Baş məşqçi Stiv Kerr oyundan sonra bildirib ki, Karri qarın nahiyəsində narahatlıq hiss edib. Onun vəziyyəti iki həftədən sonra yenidən qiymətləndiriləcək və qayıdış tarixi hələlik məlum deyil.
Bu mövsüm bütün 10 oyunda əsas heyətdə çıxış edən Stefen Karri orta hesabla 27,8 xal, 3,9 assist və 3,7 ribaundla yadda qalıb. O, meydandan 50 faiz, üçxallıq atışlarda isə 45,7 faiz dəqiqliklə oynayıb.
Karrinin yoxluğunda "Qolden Steyt Uorriors"un arxa xəttində Brandin Podziemski, De’Anthony Melton və Will Richard kimi oyunçuların daha çox məsuliyyət daşıyacağı gözlənilir.
