SSRİ-də qurulan çuğulçuluq sistemi - başqasını satanlar özləri də güllələnib


1937-ci ilin iyununda İosif Stalin hərbçilər qarşısında çıxış edərkən sovet cəmiyyətində xəbərçiliyin (donosbazlığın) mahiyyətini açıq şəkildə ifadə edən fikir səsləndirib. O bildirib ki, hər bir vətəndaş nöqsanlar barədə məlumat vermək hüququna deyil, həm də vəzifəsinə malikdir. Hətta verilən məlumatın cəmi 5 faizinin doğru olması belə kifayət hesab edilib. Bu yanaşma təsadüfi fikir olmayıb. Başqasını satmaq karyera vasitəsinə çevrilib
1930-1954-cü illərdə SSRİ-də xəbərçilik dövlət idarəçiliyinin mühüm alətlərindən birinə çevrilib. Hakimiyyət insanları bir-birindən şübhələnməyə, qonşusunu, iş yoldaşını, hətta ailə üzvünü belə izləməyə sövq edib. Nəticədə qorxu üzərində qurulan cəmiyyət formalaşıb. Xüsusilə 1937–1938-ci illərdə “böyük terror” zamanı bu siyasət görünməmiş miqyas alıb. Həmin illərdə siyasi ittihamlarla 1,7 milyondan çox insan həbs edilib, ən azı 725 min nəfər güllələnib.
Xüsusilə Stalin dövründə donos yazmaq üçün heç də həmişə siyasi səbəbə ehtiyac olmayıb. Kommunal mənzildə qonşusunun otağını ələ keçirmək istəyənlər, iş yerində rəqibini aradan götürməyə çalışanlar, şəxsi qisas almaq istəyənlər təhlükəsizlik orqanlarına müraciət ediblər. Bəziləri isə özlərini xilas etmək üçün başqalarını qabaqlamağa çalışıb.
Beləliklə, çuğulluq, satqınlıq etmək yalnız siyasi təqib vasitəsi deyil, həm də şəxsi maraqların təmin edilməsi mexanizminə çevrilib. Lakin bu sistemin ən dəhşətli xüsusiyyəti ondan ibarət idi ki, başqalarını hakimiyyətə satanlar da özlərinin təhlükəsizlikdə olmadıqlarını anlamırdılar.
Bir donosla yüksəlib, bir il sonra güllələnib
Bu siyasətin ən diqqətçəkən qurbanlarından biri Boris Tal olub. O, Ümumitifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin mətbuat və nəşriyyat şöbəsinə rəhbərlik edib. Daha yüksək vəzifəyə yüksəlmək istəyən Tal 1936-cı il sentyabrın 7-də tanınmış jurnalist Lev Sosnovski haqqında Stalinə donos yazıb.
Talın ittihamı müəyyən faktlara əsaslanıb. Sosnovskiyə oxuculardan minlərlə məktub gəlib, həmin məktublar onun şəxsi arxivində saxlanılıb. Onların arasında sovet hakimiyyətini tənqid edən yazılar da olub. Tal bu məktubları əksinqilabi təbliğatın sübutu kimi təqdim edib. Stalin məktubu Kaqanoviçə yönləndirib. Sənəddə Kaqanoviç, Andreyev, Molotov, Yejov və Voroşilovun razılıq qeydləri yer alıb. Nəticədə Sosnovski həbs edilib və 1937-ci il iyulun 3-də güllələnib.
Tal isə bu hadisədən sonra mükafatlandırılıb. 1937-ci ilin yanvarında, Buxarinin həbsindən sonra “İzvestiya” qəzetinin baş redaktoru vəzifəsinə təyin edilib. Ancaq onun uğuru uzun sürməyib. Həmin ilin noyabr-dekabr aylarında özü də həbs olunub. Bu dəfə ona trotskiçi-terrorçu təşkilatda iştirak ittihamı irəli sürülüb. 1938-ci il sentyabrın 17-də Boris Tal güllələnib. Beləliklə, öz donosuyla başqa bir insanın ölümünə səbəb olan şəxs cəmi bir il sonra eyni repressiya maşınının qurbanına çevrilib.
Marşalı ittiham edən komandirin acı taleyi
1937-ci ildə donosçuluğun hərbi rəhbərlik daxilində də necə təhlükəli silaha çevrildiyini göstərən başqa bir hadisə baş verib. Baş Qərargah Akademiyasının müəllimi, briqada komandiri Yan Jiqur sentyabrın 9-da Stalinə məktub yazaraq marşal Aleksandr Yeqorovu hərbi səhvlərdə ittiham edib. O, bu səhvlərin müharibə zamanı çoxsaylı insan tələfatına səbəb ola biləcəyini iddia edib.
1912-ci ildən partiya üzvü olan Jiqur yəqin ki, vaxtında verdiyi xəbərdarlığın və uzun illər davam edən partiya fəaliyyətinin onu qoruyacağını düşünüb. Onun məktubundan sonra Yeqorov vəzifəsindən uzaqlaşdırılıb. Lakin hadisələrin gedişi gözlənilməz olub. 1938-ci il avqustun 22-də ilk olaraq donosçu Jiqur güllələnib. Marşal Yeqorov isə 1939-cu il fevralın 23-də edam edilib. Beləliklə, başqasını ittiham etməklə özünü qorumağa çalışan briqada komandiri Stalin repressiyalarından xilas ola bilməyib.
Donosçuluq yalnız dövlət məmurları və hərbçilər arasında yayılmayıb. Tanınmış atlet Serafim Znamenski də kommunal mənzildə qonşusu, “Spartak” klubunun qurucularından biri Nikolay Starostin haqqında şikayət yazıb. O, Starostinin içki məclislərindən, artıq çamadanlarından və həyat yoldaşının bahalı geyimlərindən narazılığını bildirib. Starostin qardaşları 1942-ci ildə həbs ediliblər. Lakin Znamenski həmin vaxta qədər yaşamayıb. O da 1942-ci ildə intihar edib.
SSRİ-də qurulan sistemdə donos yazanla donosun qurbanı arasında ciddi fərq qalmayıb. İnsanlar bir-birini ittiham etməyə məcbur edilib, saxta ifadələr və şübhələr minlərlə insanın həyatını məhv edib. Məhkəmə müdafiəsinin imkanları məhdudlaşdırılıb, siyasi repressiyaların böyük hissəsi sürətləndirilmiş və gizli prosedurlarla həyata keçirilib.
Yazıçı Sergey Dovlatov sonralar məşhur sualını səsləndirib: dörd milyon donos kim tərəfindən yazılıb? Onun cavabı isə sovet cəmiyyətinin acı həqiqətini ifadə edib: bunları adi sovet vətəndaşları yazıblar. Əslində, Stalin rejiminin ən böyük cinayətlərindən biri də insanları bir-birinə düşmən etməsi olub. Hakimiyyət vətəndaşları elə bir vəziyyətə salıb ki, bəziləri qonşusunu, dostunu və həmkarını satmaqla öz həyatını xilas edəcəyinə inanıb. Ancaq bu inamın heç bir təminatı olmayıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
1 mənbə
