Somali Prezidenti BƏƏ-ni ölkədə icazəsiz hərbi bazalar qurmaqda və qeyri-rəsmi silahlı qüvvələri silahlandırmaqda ittiham edib


18.11.2026 - 21:22
30
Somali Prezidenti Həsən Şeyx Mahmud Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ölkənin federal hökumətinin razılığı olmadan hərbi fəaliyyət göstərməkdə və regional qüvvələri silahlandırmaqda ittiham edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Mahmudun sözlərinə görə, BƏƏ Berbera, Bosaso və Kismayo limanları ilə bağlı müqavilələri birbaşa regional administrasiyalarla imzalayaraq Moqadişonun mərkəzi hökumətini prosesdən kənarda saxlayıb.
Somali Prezidenti həmçinin Əmirlikləri federal hökumətə qarşı regional qüvvələri dəstəkləməkdə və İsrailin 2025-ci ilin dekabrında Somalilandı tanımasında rol oynamaqda ittiham edib.
O, yanvar ayında Yəmən separatçılarının lideri Aidarus əz-Zübeydinin federal hökumətin razılığı olmadan Berbera vasitəsilə ölkədən çıxarılmasını da xatırladıb.
“Qardaş sənin evini yandırmaz, səndən xəbərsiz əmlakını almaz və ailəni parçalamaz”, – deyə Mahmud bildirib.
Qeyd edək ki, Somali hökuməti yanvar ayında BƏƏ ilə bütün sazişləri ləğv edib. Lakin Puntland, Jubaland və Somaliland administrasiyaları Əmirliklərlə imzaladıqları müqavilələrin qüvvədə qaldığını bildirirlər.
Rauf
