Şok edən casusluq qalmaqalı: Komandir əxlaqsız fotolar müqabilində ölkəsinin hərbi planları ötürüb


Hindistan Hərbi Hava Qüvvələrində xidmət edən qanad komandirinin Pakistan kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən qadına hərbi sirləri ötürdüyü irəli sürülüb. Dehli polisinin hazırladığı ittiham aktına əsasən, zabit göndərilən çılpaq fotolar müqabilində hərbi planları, Leh Hava Bazası ilə bağlı məlumatları və pilotsuz uçuş aparatları (PUA) əməliyyatlarının detallarını paylaşıb. Qadının zabitdən tabeliyində olan hərbçilərin telefonlarına casus proqram təminatı yükləməsini də istədiyi bildirilir.
Hindistanda üzə çıxan casusluq iddiası ölkənin təhlükəsizlik qurumlarında müzakirələrə səbəb olub. Hindistan Hərbi Hava Qüvvələrində xidmət edən qanad komandiri Manorath Sinqh Sabharvalın sosial şəbəkə vasitəsilə tanış olduğu və Pakistan kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadının qurduğu tələyə düşdüyü iddia edilir.
32gun.az bildirir ki, "The Times of India" və "The Indian Express" qəzetlərinin istinad etdiyi polis ittiham aktına görə, Sabharval ona göndərilən əxlaqsız fotolar müqabilində məxfi hərbi məlumatları "WhatsApp" üzərindən ötürüb. Zabit 2026-cı il mayın 30-da saxlanılıb.
Tələ səhv nömrəyə göndərilən mesajla başlayıb
"ThePrint" nəşrinin istintaq mənbələrinə əsaslanan məlumatına görə, hadisə qadının zabitə "WhatsApp" vasitəsilə yazdığı mesajla başlayıb. Qadın səhv nömrəyə yazdığını deyərək psixoterapevt axtardığını və şəxsi problemlər yaşadığını bildirib.
Özünün də şəxsi həyatında çətinliklər yaşadığı qeyd olunan zabitlə qadın arasında zamanla yaxınlıq yaranıb. Yazışmaların sonrakı mərhələsində foto mübadiləsi aparılıb. Qadının əxlaqsız fotolar göndərməsindən sonra zabitin hərbi məlumatları ötürməyə başladığı iddia olunur.
Hərbi planları və PUA məlumatlarını paylaşıb
Polis ittiham aktındakı iddialara əsasən, zabit Hindistanın hərbi planlarına dair məxfi sənədləri, Leh Hava Bazasının əməliyyat potensialını və hərbi pilotsuz uçuş aparatlarına aid məlumatları qarşı tərəfə göndərib.
Sızdırıldığı iddia edilən məlumatlar arasında məxfi PUA bölməsinin şəxsi heyətinin sayı və strukturu, əməliyyat imkanları, sınaq fəaliyyətləri və silah sistemlərinə dair detallar da yer alır.
"Indian Express"in paylaşdığı ittiham aktına görə, zabit göndərilən əxlaqsız fotodan sonra məxfi hərbi plana aid səhifəni paylaşıb və hər yeni fotonun qarşılığında növbəti səhifəni göndərməyi təklif edib.
Tabeliyində olanların telefonlarına casus proqram yükləməsi istənilib
İstintaqın ən diqqətçəkən iddialarından biri də casus proqram tələbi ilə bağlıdır. Qadının zabitdən tabeliyindəki beş əməkdaşın telefonuna və digər rabitə cihazlarına zərərverici proqram yükləməsini istədiyi qeyd olunur.
Polis hesab edir ki, həmin proqramlar hərbi qulluqçuların cihazlarındakı məlumatlara və rabitə qeydlərinə giriş əldə etmək məqsədilə göndərilib. Bununla da ehtimal olunan kəşfiyyat əlaqəsinin təkcə bir zabitin əldə edə bildiyi məlumatlarla kifayətlənməyib, digər hərbi heyətin cihazlarına da sızmağı hədəflədiyi bildirilir.
3 mindən çox mesaj aşkarlanıb
İstintaq çərçivəsində araşdırılan "WhatsApp" yazışmalarında tərəflər arasında 3 min 8 mətn mesajı, 65 foto, 42 səsli zəng və 4 görüntülü danışığın qeydə alındığı müəyyən edilib.
Zabit barəsində Rəsmi Sirlər Aktı çərçivəsində tədbirlər görülüb. Dehli polisi ittiham aktını 2026-cı il iyulun 30-da məhkəməyə təqdim edib. Noyabrın 13-də yayımlanan son məlumatlarda isə iş üzrə icraatın davam etməsi üçün səlahiyyətli orqandan müvafiq cinayət təqibi icazəsinin gözlənildiyi bildirilib.
Ayaz
