Siqaret kəskin bahalaşacaq - Bu tarixdən


Azərbaycana idxal olunan siqaret və bəzi digər tütün məhsulları üzrə gömrük rüsumları artırılır.
Belə ki, Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərara əsasən, bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının yeni dərəcələri 2030-cu ilin sonunadək tətbiq olunacaq.
Dəyişikliyə əsasən, Azərbaycana idxal olunan siqar, siqaret və siqarillalar üçün gömrük rüsumu 15%, lakin hər 1 000 ədəd üçün 3 ABŞ dollarından az olmamaq şərtilə müəyyən edilib.
Müqayisə üçün qeyd edək ki, hazırda bu məhsullar üzrə hər 1 000 ədədə tətbiq olunan minimum rüsum 0,5 ABŞ dollarıdır.
Beləliklə, minimum spesifik rüsum 6 dəfə artırılır.
Bəs, bu qərar siqaretin istehlak bazarındakı qiymətinə necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, siqaret və bəzi digər tütün məhsulları üzrə gömrük rüsumlarının artırılması ilk növbədə bu məhsulların idxal qiymətlərinə təsir göstərəcək:
“Çünki gömrük rüsumları nə qədər artırsa, bu məhsulun topdansatış qiymətində özünü biruzə verir. Bu mənada siqaret idxalında 1 000 ədədə tətbiq olunan minimum rüsumun 0,5 ABŞ dollarından 3 dollara qaldırılması kifayət qədər ciddi artımdır. Minimum rüsumun 6 dəfə artırılması xüsusilə aşağı qiymət seqmentində fəaliyyət göstərən idxalçıların işinə daha çox təsir göstərəcək.
Belə ki, bir qutunun topdansatış qiyməti ən azı 15-20 qəpik bahalaşacaq. Ümumilikdə isə pərakəndə satış məntəqələrində siqaretin bir qutusu 40-50 qəpik bahalaşacaq. Nəzərə alaq ki, idxalçılar əksər hallarda gömrük xərclərini öz mənfəət marjaları hesabın ödəmirlər. Bunu istehlak qiymətlərinin üzərinə hesablayırlar. Bu mənada hökumətin yeni qərarı növbəti ildən siqaretin xeyli bahalaşmasına səbəb olacaq”.
Surxay Atakişiyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play