15 saatlıq dəniz macərası film olacaq - Bu müğənninin (FOTOLAR)


Türkiyəli müğənni Gökhan Özenin illər əvvəl açıq dənizdə yaşadığı təhlükəli hadisə yenidən gündəmə gəlib. Sənətçi 15 saatdan çox davam edən bu macəranı filmə çevirmək istədiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, hadisə 2003-cü ildə Kiprdə baş verib. Gökhan Özen dostu Serkan Kula ilə su motosikletində dənizə açılıb. Lakin bir müddət sonra onların yanacağı bitib və su motosikleti açıq dənizdə dayanıb.
İki dostdan xəbər alınmadıqda axtarışlara başlanılıb. Əraziyə sahil mühafizə qüvvələri və helikopterlər cəlb olunub. Təxminən 15-16 saat davam edən axtarışlardan sonra onlar beynəlxalq sularda tapılıblar.
Müğənninin sözlərinə görə, hadisəyə su motosikletinin göstəricilərini səhv oxuması səbəb olub. O, yanacaq göstəricisi hesab etdiyi cihazın əslində yağ göstəricisi olduğunu sonradan anlayıb.
Özen həmin gecə böyük dalğalarla mübarizə apardıqlarını, ətraflarında köpək balıqları gördüklərini də bildirib.
İllər sonra "Beyaz Show" proqramında hadisəni xatırlayan müğənni yaşadıqlarını komediya janrında filmə çevirmək istədiyini söyləyib. Onun sözlərinə görə, ekran əsərində hadisənin gərgin tərəfləri ilə yanaşı, yumor elementləri də yer alacaq.
1 / 5