Simonyan: “Yeni seçkilər keçirəcəyik və müxalifəti darmadağın edəcəyik”


Ermənistan Təhlükəsizlik Şurasının katibi müxalifətin təklifi qəbul etməyəcəyi təqdirdə yeni seçkilərin keçiriləcəyini və hakimiyyətin müxalifəti məğlub edəcəyini bildirib.
Ordu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan noyabrın 19-da jurnalistlərlə söhbətində konstitusiya referendumunun keçirilməsinin müxalifətdən asılı olub-olmaması ilə bağlı suala cavabında deyib.
“Onlardan heç nə asılı deyil”, - deyə Simonyan bildirib.
O qeyd edib ki, hakimiyyət hər hansı təklif irəli sürərkən onun qəbul edilməməsi ehtimalını da nəzərə alır.
“Müxalifətimizin səviyyəsini və düşüncə tərzini bildiyim üçün demişəm ki, onlar razılaşmayacaqlarını və özlərini bir daha çətin vəziyyətə salacaqlarını düşünəcək qədər belə təfəkkürə malik deyillər. Yeni seçkilər keçirəcəyik və gedib onları darmadağın edəcəyik. Yeni seçkilərin keçirilməsində hansı problem var? Heç bir.
Ermənistanda hakimiyyət xalqa məxsusdur. Onların yanına gedib deyəcəyik: budur, sülh, son nöqtə, son səhifə. Gəlin, bu səhifəni birdəfəlik bağlayaq ki, nə bir uşaq həlak olsun, nə də xarici agentlər gəlib şəxsi maraqlarını irəli sürməyə çalışsınlar, nə də oliqarxlar olsun. Xalq səs verəcək, çox yaxşı, səs verməyəcəksə, gedəcəyik”, - deyə Simonyan bildirib.
Jurnalistin növbədənkənar seçkilərin daha real variant hesab edilib-edilməməsi ilə bağlı sualına isə o, belə cavab verib:
“Bəli, çünki müxalifətimizin düşüncə tərzini bilirəm. Onlar mənasız şəkildə qışqırıb-bağıracaqlar, lakin çıxılmaz vəziyyətdədirlər. Onların atacağı hər bir addım məğlubiyyətlərinə gətirib çıxaracaq”.
Alpər Mövludoğlu Ordu.az