Səngərdən quruculuq meydanına


İkinci Qarabağ müharibəsində erməni işğalçıları üzərində qazanılan böyük Zəfərdən sonra Azərbaycan beynəlxalq aləmdə güclü, qüdrətli, öz ərazi bütövlüyünü və suverenliyini qısa zamanda bərpa edən dövlət kimi tanındı. Döyüş meydanında əldə olunan bu Zəfər qəhrəmanlıq tariximizin ən parlaq səhifəsi oldu.
44 gün səngimədən davam edən Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə dirçəliş, abadlıq və quruculuq işlərinə start verildi. Amma Qarabağ və Şərqi Zəngəzur büsbütün yenidən tikilməli idi. Çünki düşmən işğal illərində daşı daş üstə qoymamışdı. Belə bir vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyev görüləcək quruculuq işlərinin istiqamətlərini göstərdi. Ardınca Böyük qayıdış proqramı çərçivəsində yeni yollar çəkildi, dini abidələr təmir və bərpa olundu, zəruri infrastruktur quruldu. Ən əsası, keçmiş məcburi köçkünlərin geri dönməsi və yaşaması üçün "ağıllı" kənd və şəhərlər salındı, onlar işıq, qaz, su ilə təchiz olundu, əhali üçün iş yerləri açıldı.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı imzaladığı 10 dekabr 2021-ci il tarixli sərəncamında yazılmışdı: "Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır".
İşğaldan azad olunmuş ərazilərdə sürətlə aparılan tikinti və bərpa işləri Azərbaycanın müstəqillik tarixində həyata keçirdiyi ən böyük layihələrdir. Bu layihələr Qarabağ və Şərqi Zəngəzura yeni həyat bəxş edir. Çəkilən avtomobil yolları, dəmir yolu xətləri, salınan körpülər, tikilən hava limanları quruculuq işlərini daha da sürətləndirir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilən "ağıllı" yaşayış məntəqələri müasir dövrün şəhərsalma prinsiplərinə və tələblərinə cavab verir. Yaşayış binaları ilə bərabər, sosial obyektlər, məktəblər, tibb müəssisələri, xidmət infrastrukturu da tikilir. Bir sözlə, doğma ocaqlarına qayıdan keçmiş məcburi köçkünlərin yaşaması üçün hərtərəfli şərait yaradılır, rahatlığı təmin olunur.
Bu gün hamımız Böyük qayıdışın sevincinin şahidiyik. Zəngilan rayonunun Ağalı kəndindən başlayan bu proses hazırda işğaldan azad olunmuş digər şəhər və kəndlərdə davam edir. Elə gün yoxdur ki, insanlar uzun illər həsrətində olduqları doğma ocaqlarına dönməsinlər.
Noyabrın 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdülər. Görüşdə çıxış edən dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və bərpa işlərindən danışdı. Bildirdi ki, 6 il əvvəl şanlı ordumuz düşməni torpaqlarımızdan qovaraq haqq-ədaləti bərpa etdi. Artıq 6 ildir biz quruculuq işləri ilə məşğuluq: "Uzun illər ağır şəraitdə yaşamış köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi, ilk növbədə, əlbəttə ki, köçkün şəklində, köçkün şəraitində yaşayan insanlar üçün. Amma siz də bilirsiniz ki, hər bir vətənpərvər insan sizin tezliklə doğma diyara qayıtmağınızı arzulayırdı".
Ölkə rəhbəri daha sonra bildirdi: "Bu gün biz demək olar ki, müntəzəm olaraq yeni gözəl kəndlər, şəhərlər salırıq, sıfırdan qururuq. Çünki mənfur düşmən bizim bütün şəhər və kəndlərimizi yerlə yeksan etmişdi, o cümlədən Cahangirbəyli, Soltanlı kəndlərini də tam dağıtmışdı. Bu gün bu iki kəndə təqribən 700-ə yaxın ailə qayıdır. Sizin üçün gözəl evlər tikilib. Əminəm ki, siz bu şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz. Əsas məsələ odur ki, artıq köçkünlük həyatı arxada qalır".
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq və bərpa işləri Azərbaycan dövlətinin gücünü, qüdrətini göstərir. Bu işlər tikinti, quruculuq meydanında Zəfərin davamıdır. O davam ki, bununla Azərbaycanın müasir tarixinə yeni səhifələr yazılır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"