Səidə Bayramova: Süni intellektin yaratdığı kibertəhlükələr beynəlxalq əməkdaşlığı zəruri edir


“Süni intellekt texnoloji inkişafla yanaşı, informasiya təhlükəsizliyi sahəsində yeni və mürəkkəb təhdidlər də yaradır”.
Operativ Media xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) mətbuat katibi Səidə Bayramova Kibertəhlükəsizlik üzrə II Beynəlxalq Konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, konfransın əsas mövzusu süni intellektin müasir texnologiyalara və informasiya təhlükəsizliyinə təsiridir.
“Konfransda diplomatlar, beynəlxalq ekspertlər, dövlət qurumlarının, özəl sektorun və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər. Tədbir çərçivəsində təşkil olunacaq altı panel müzakirəsində süni intellektin texnoloji inkişafa, informasiya təhlükəsizliyinə və kiberməkana təsiri ətrafında fikir mübadiləsi aparılacaq”, – deyə S.Bayramova qeyd edib.
O bildirib ki, konfrans çərçivəsində keçirilən panel müzakirələri və sessiyalar kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübənin bölüşdürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
XRİTDX rəsmisi xatırladıb ki, Kibertəhlükəsizlik üzrə I Beynəlxalq Konfrans 2024-cü ildə regionda ilk dəfə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilib.
“Bu il təşkil olunan ikinci konfrans əvvəlki tədbirin davamı olmaqla beynəlxalq əməkdaşlığın gücləndirilməsi və kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır”, – deyə mətbuat katibi vurğulayıb.