Səhm və istiqraz alqı-satqısına 5 illik vergi güzəşti təklif olunur - Milli Məclis


Ana SəhifəBİRJASəhm və istiqraz alqı-satqısına 5 illik vergi güzəşti təklif olunur - Milli Məclis
BİRJA19.11.2026 13:30
Azərbaycanda fiziki şəxslərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhm və istiqrazların alqı-satqısından əldə etdikləri gəlirlərə 2027-ci il yanvarın 1-dən etibarən beş il müddətinə 50 faiz gəlir vergisi güzəştinin tətbiqi təklif edilir.
Fins.az xəbər verir ki, bu məsələ Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Cinayət, Vergi və İnzibati Xətalar məcəllələrində, eləcə də bir sıra digər qanunlarda dəyişiklikləri nəzərdə tutan qanun layihəsində əksini tapıb.
Təklifə əsasən, qeyd olunan qiymətli kağızların alqı-satqısı əməliyyatlarından əldə edilən gəlirlər üzrə vergilərin investisiya şirkətləri vasitəsilə ödəmə mənbəyində tutulması nəzərdə tutulur. Eyni zamanda, 2027-ci il yanvarın 1-dən başlayaraq beş il müddətində gəlir vergisi üzrə 50 faizlik güzəştin tətbiqi təklif olunur.
Vergi investisiya şirkətləri tərəfindən tutulacaq
Qanun layihəsinin əsaslandırılmasında bildirilir ki, hazırda fiziki şəxslərin investisiya şirkətləri vasitəsilə həyata keçirdikləri səhm və istiqraz alqı-satqısı əməliyyatlarından əldə etdikləri gəlirlərin vergiyə cəlb olunması mexanizmi praktik baxımdan kifayət qədər aydın və effektiv tətbiq edilmir.
Qeyd olunur ki, fiziki şəxslərin bir hissəsində vergi uçotunun aparılması, kapital artımının düzgün hesablanması və illik vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı vərdişlərin formalaşmaması vergi öhdəliklərinin tam və düzgün yerinə yetirilməməsi riskini artırır. Bu vəziyyət vergi inzibatçılığına əlavə yük yaradır və potensial vergi itkilərinə səbəb ola bilər.
Təklif olunan mexanizmə əsasən, investisiya şirkətləri səhm və istiqrazların alış və satış qiymətləri arasındakı fərqi, eləcə də əməliyyatlarla bağlı xərcləri müəyyən edəcəklər. Bundan sonra fiziki şəxslərin əldə etdiyi xalis gəlir üzrə vergi ödəmə mənbəyində tutulacaq.
Güzəşt kapital bazarının inkişafına xidmət edəcək
Qanun layihəsinin əsaslandırmasında vurğulanır ki, yeni yanaşma vergitutma prosesinin sadələşdirilməsinə, şəffaflığın artırılmasına, fiziki şəxslərin inzibati yükünün azaldılmasına və vergi intizamının gücləndirilməsinə imkan verəcək.
Bununla yanaşı, mexanizmin kapital bazarında əməliyyatların rəsmi müstəvidə aparılmasını stimullaşdıracağı, dövlət büdcəsinə daxilolmaların daha sabit və proqnozlaşdırılan olmasına şərait yaradacağı gözlənilir.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
MüəllifFuad
Yüklənir...
1 mənbə