Sədr müavini: Azərbaycanda turizm sahəsində çalışanların sayı 46 faiz artıb


Bakı, 19 noyabr, AZƏRTAC
Bütövlükdə turizm sektoru bir ekosistemdir. Çünki turizm sektoru bir neçə sahəni özündə birləşdirir. Sevindirici haldır ki, 2019-2025-ci illərdə turizmin iqtisadiyyatda payı 4,5 faizdən 5,4 faizə qədər artıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət- Biznes Əməkdaşlığı Forumunda "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel sessiyada çıxış edərkən deyib.
Turizmdə məşğulluq imkanlarının çox geniş olduğunu bildirən sədr müavininin sözlərinə görə, bu sahənin əhalinin məşğulluğunun təmin edilməsində payı getdikcə artır. O qeyd edib ki, 2019-cu illə müqayisədə 2025-ci ildə turizm sahəsində çalışanların sayında 46 faiz artım qeydə alınıb. İctimai iaşə və yerləşmə sektorunda isə bu artım 56 faiz təşkil edir ki, bu da 121 min nəfərin turizm sahəsində muzdla çalışması deməkdir. Sədr müavini əlavə edib ki, turizmin iqtisadiyyatdakı payının yüksəlməsi bütövlükdə bu sahədə məşğulluğun daha da artmasına gətirib çıxaracaq.
Müxbir - Günel Türksoy
Fotoqraf - Nicat Haşimov
Videooperator - Ceyhun Mustafayev
Dərc vaxtına görə
