Şamaxıda kritik duel – kim büdrəcəyək?


“Turan Tovuz” Misli Premyer Liqasının XII turunda “Şamaxı”nın qonağı olacaq. Şamaxı şəhər stadionunda baş tutacaq görüşə saat 14:30-da start veriləcək.
Komandalar bunadək 12 dəfə üz-üzə gəlib. Bu matçların 5-də tovuzlular, 2-də şamaxılılar qələbə qazanıb. 5 qarşılaşmada isə bərabərlik qeydə alınıb.
“Şamaxı” bu rəqiblə son üç dueldən xalla ayrılıb. “Şirlər” 1 qələbə qazanıb, 2 dəfə heç-heçə edib.
“Turan Tovuz” sonuncu dəfə 2025-ci ilin fevralında Şamaxı səfərindən qələbə ilə ayrılıb. Bölgə təmsilçisi son 2 ev oyununda tovuzlulara uduzmayıb.
Kurban Berdıyevin rəhbərlik etdiyi Tovuz təmsilçisi 11 turdan sonra 21 xalla 3-cü sıradadır. Komanda lider “Sabah”dan 3 xal geri qalır. “Bozqurdlar” bu mövsüm “Qarabağ” və “Sabah”a məğlubiyyət yaşadan yeganə kollektivdir. Yaxşı nəticələri sıralayan tovuzlular bugünkü matçın da favoritidir.
“Şamaxı” isə əzmkarlığı ilə diqqət çəkir. Ötən turda son çempion “Sabah”dan xal alan “şirlər” azarkeşləri önündə daha yaxşı performans göstərir. Komandanın əsas gücü baş məşqçisi Azər Bağırovdur. Mütəxəssis artıq neçə ildir ki, orta səviyyəli klublarda uğurlu nəticələrlə diqqət çəkir. Bağırovun böyük ehtimalla, bu gün tovuzlulara qarşı da xüsusi planı olacaq.
Şahin Cəfərov