"Neftçi"nin baş məşqçisi incik düşdü, ikitərəfli görüş təklifini geri çevirdi


"Neftçi"nin baş məşqçisi Yuri Vernidub İqor Ribeyrodan inciyib.
Buna səbəb onun Misli Premyer Liqasının IX turunda "Turan Tovuz"la oyunda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmasıdır.
29-cu dəqiqədə rəqibin hücumçusu İbrahima Vadjiyə qarşı təhlükəli kobud hərəkətə yol verən braziliyalı müdafiəçi AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalanıb və "Neftçi" 1000 manat cərimələnib.
Ukraynalı çalışdırıcı bunun üstündən cənubi amerikalıdan üz çevirib. "Sambaçı"nı nə dindirir, nə danşdırır. Ribeyro bir neçə dəfə təcrübəli mütəxəssislə ikilikdə görüşməyə cəhd göstərsə də, eyni qarşılığı görməyib.
Adətən, futbolçuların hər birinə vaxt ayıran, onların bütün istək və xahişlərinə həssas yanaşan baş məşqçinin braziliyalıya münasibəti indi həminki deyil. üstəlik, məlum hadisənin səbəbkarı onun tərəfindən 10 min dollar cərimələnib.
Vernidub hesab edir ki, İqor o davranışı ilə komandaya böyük zərbə vurub. Odur ki, bundan sonra səbəbkara əsas heyətdə tez-tez yer verməyi düşünmür.
Pelenin həmyerlisi yenidən etibar qazanmaq üçün hələ çox çalışmalıdır. Bəlkə də bu, ona müəssər olmayacaq.
Çünki 60 yaşlı sükançı mərkəz müdafiəçisi mövqeyinə yeni legionerin alınmasına tərəfdardır.
Ötən ilin oktyabrından bəri ölkəmizdə işləyən Vernidub rəhbərliklə son görüşlərinin birində bu barədə fikrini diqqətə çatdırıb.
SPORTİNFO.AZ
1 mənbə
