Sahibə Qafarova Gürcüstan parlamentinin sədrinə başsağlığı verib


Azərbaycan parlamentinin sədri Sahibə Qafarova Tbilisinin Fonıçala rayonunda yaşayış binasında baş verən partlayış nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar Şalva Papuaşviliyə başsağlığı məktubu göndərib.
Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
Məlumata görə, Sahibə Qafarova Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə Tbilisinin Fonıçala rayonunda baş verən faciə ilə əlaqədar başsağlığı verib.
“Cənab sədr, Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məndə dərin kədər hissi doğurub.
Baş vermiş faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan Respublikası parlamentinin üzvləri adından Sizə, həlak olanların ailə üzvlərinə və yaxınlarına, eləcə də dost gürcü xalqına səmimi başsağlığı verirəm.
Xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram”, - deyə başsağlığı məktubunda bildirilib.
Alpər Mövludoğlu Ordu.az