Sabiq erməni baş nazir: “Paşinyan siyasi intihar etmək istəmirsə, avropalı müşahidəçilərin əvəzinə Rusiyanın 102-ci hərbi bazasını seçəcək”


“Şübhə etməyin, Paşinyan siyasi baxımdan özünü məhv etmək istəmirsə, durbinlərlə gələn avropalı müşahidəçilərin əvəzinə Rusiyanın 102-ci hərbi bazasını seçəcək”.
Ordu.az xəbər verir ki, bunu Ermənistanın 1992-1993-cü illərdə baş naziri, parlamentin keçmiş sədri Xosrov Harutyunyan bildirib.
Harutyunyan son dövrlərdə Nikol Paşinyanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanunun qəbul edilməsi ilə əlaqələndirilən, Rusiyaya qarşı yönəlmiş siyasətin perspektivsiz olduğunu anlamağa başladığını düşünür. O, bu dəyişikliyin müəyyən göstəricilərinin olduğunu, “Rosatom”un rəhbəri Aleksey Lixaçovun və “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin direktorunun İrəvana səfərlərindən sonra ritorikanın dəyişdiyini, Ermənistan üçün mühüm məsələlərdə kompromis qərarların qəbul edildiyini bildirib.
Sabiq erməni baş nazir Dublində keçirilən Avropa Siyasi Birliyinin növbəti toplantısında Paşinyanın Fransanın təşəbbüsü ilə Rusiyaya qarşı hazırlanmış sənədə qoşulmamasına da diqqət çəkib.
Harutyunyanın fikrincə, Avropa İttifaqında baş verə biləcək dəyişikliklər Ermənistan üçün iqtisadi baxımdan zərərli nəticələrə səbəb ola bilər. O bildirib ki, Rusiyanın Ermənistan qarşısında seçim tələbi indi daha kəskin şəkildə qoyulur.
“Putinin tələbi belədir: qərar verin, kiminləsiniz, Avrasiya İqtisadi Birliyində qalırsınız, yoxsa Avropa İttifaqına gedirsiniz? Bu sual indi daha kəskin şəkildə qoyulur. Faktiki olaraq Rusiya təkcə Ukraynaya qarşı deyil, daha çox NATO və Avropa İttifaqı ölkələrinə qarşı mübarizə aparır. Onlar bunu artıq gizlətmirlər.
Hətta soyuq müharibənin ən gərgin illərində belə heç bir dövlətin ağlına fövqəldövlətin dövlət sərhədlərini keçmək gəlməyib. Bu, nə SSRİ dövründə Macarıstan hadisələri zamanı, nə də Praqa hadisələri zamanı baş vermişdi. Bu, qırmızı xətt idi. 2024-cü ildə isə belə bir hadisə baş verdi. Həmin andan etibarən Rusiya ilə Qərb arasındakı qarşıdurma tamamilə başqa səviyyəyə yüksəldi”, - deyə Harutyunyan bildirib.
O, Rusiyanın mövqeyinin kifayət qədər aydın olduğunu söyləyib. Sabiq erməni baş nazirin sözlərinə görə, Moskva Avropa İttifaqını özünə düşmən hesab edir və Ermənistanın bu reallığı nəzərə almadan siyasət yürütməsi ciddi risklər yaradır.
“Rusiya çox sadə bir şey deyir: Avropa İttifaqı mənim düşmənimdir və bunu heç birimiz gizlətmirik. Bəli, mənim düşmənimin dostu da mənim düşmənimdir. Bəs Ermənistanın Rusiyanı dost olmayan ölkə hesab etmək üçün kifayət qədər resursu varmı?
Avropa bazarı bizim üçün əlçatan deyil. Bunun səbəbi məhsullarımıza tətbiq edilən gömrük rüsumlarının yüksək olması deyil, məhsullarımızın keyfiyyət göstəricilərinin Avropa bazarının son dərəcə yüksək tələblərinə cavab verməməsidir”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu Ordu.az