Ruy Jorje: “Əzmkar futbolçularla dünyanın sonuna da gedə bilərəm”


Azərbaycanın U-20 millisi yoxlama oyununda İraqın müvafiq yaş qrupundan ibarət komandasını 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Ruy Jorje jurnalistlərin suallarını cavablandırıb.
Portuqaliyalı mütəxəssis əvvəlki oyunlarla müqayisədə komandaların daha yaxşı çıxış etdiyini bildirib:
“Hər iki komanda əvvəlki oyunlardan daha yaxşı oynadı. Fantastik stadionda çıxış etdik. Qarşılaşmada rəqabət və yüksək intensivlik var idi”.
Futbolçuların keyfiyyətindən danışan baş məşqçi onların əzmkarlığını xüsusi vurğulayıb:
“Daha yaxşı işlə futbolçuların səviyyəsini artıra bilərik. Hamısı eyni keyfiyyətə malik deyil, amma inkişaf edirlər. Əzmkar futbolçularla dünyanın sonuna da gedə bilərəm. Məşqin hər saniyəsində çalışırlar. İnanıram ki, mən buradan gedəndən sonra da uğurlu olacaqlar”.
Ruy Jorje Lorzenzo Mezzoteronun İtaliya millisinə mümkün dəvəti ilə bağlı suala da münasibət bildirib:
“O, mənimlə birlikdə oynamayıb. Kim olduğunu və keyfiyyətini bilirəm. Məni narahat edən bu deyil, öz futbolçularımdır”.
Əli Bəşirovun əvəzlənməsinin səbəbini isə belə izah edib:
“Sərəncamımda olan bütün futbolçulardan istifadə etmək istəyirəm. Əli çox yaxşı oyunçudur. Əvəzlənmələr səhvlərə görə edilmir”.
U-20 millisinin dünya çempionatında necə çıxış edəcəyi ilə bağlı danışan mütəxəssis xalqı nəticələrlə sevindirmək istədiyini söyləyib:
“Bir oyunda iki komanda iştirak edir. Biz U-20 millisində təşkilatçı olduğumuz üçün iştirak edirik. İndidən necə oynayacağımızı demək məntiqsiz olardı. İstərdim ki, xalqımız nəticələrimizlə qürur duysun”.
Baş məşqçi təlim-məşq toplanışının xaricdə keçirilməsi ehtimalına da toxunub. O, hazırlığın Azərbaycanda təşkil olunmasına üstünlük verdiyini, lakin yanvar ayında hava şəraitinin buna mane ola biləcəyini qeyd edib.
Ruy Jorje, həmçinin milliyə futbolçu göndərdiklərinə görə klublara təşəkkür edib:
“Fürsətdən istifadə edərək bütün klublara təşəkkür edirəm. Bu gün “Sumqayıt”ın oyunu var, amma dörd futbolçusu bizimlədir. Bizə kömək etdikləri üçün bütün klublara minnətdaram. Əgər onların planlarını pozmuşamsa, üzr istəyirəm”.
