“Ruta Block 1”: Krım körpüsünə hücumda istifadə edilən raket haqqında nələr məlumdur?


Niderlandın “Destinus” müdafiə şirkətinin istehsalı olan “Ruta Block 1” qanadlı raketinin uçuş məsafəsi 300 kilometr, faydalı yükü 150 kiloqram, maksimal sürəti isə saatda 800 kilometrdir.
Ordu.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb.
Ukrayna Krım körpüsünə qarşı əməliyyat zamanı Niderlandın müdafiə şirkəti “Destinus” tərəfindən istehsal edilən “Ruta Block 1” qanadlı raketlərindən istifadə edib.
“Destinus” şirkətinin prezidenti Aleksandr Danilyukun sözlərinə görə, Ukrayna doqquz ədəd “Ruta Block 1” raketi buraxıb və onlardan yeddisi körpüyə çataraq hədəfi vurub. Bu silahın tətbiqi Avropa silah istehsalçısının Ukraynanın genişmiqyaslı əməliyyatında iştirakının ən diqqətçəkən nümunələrindən biri olub.
Danilyuk bildirib: “Ukrayna doqquz ədəd “Ruta Block 1” raketi buraxıb və onlardan yeddisi körpüyə dəyib. Bu miqyasda əməliyyatlar üçün özünü doğrultmuş vasitələrdən istifadə edirsiniz”.
“Ruta Block 1” mühüm hərbi obyektləri məhv etmək üçün nəzərdə tutulan “Ruta” raket ailəsinə daxildir. “Destinus” bu sistemi yüksək dəqiqlikli zərbələr endirmək vasitəsi kimi təqdim edir.
Niderland şirkətinin açıqlamasına görə, genişmiqyaslı və yüksək dəqiqlikli zərbələr endirmək üçün hazırlanan “Ruta Block 1” radioelektron mübarizə təsirinə məruz qalan mühitdə aşağı hündürlükdə uçaraq müdafiə sistemlərini yarmağa imkan verir. Sistem kütləvi yaylım atəşi ilə həyata keçirilən əməliyyatları dəstəkləmək üçün nəzərdə tutulub.
“Ruta Block 1” raketinin uçuş məsafəsi 300 kilometr, daşıya bildiyi faydalı yükün çəkisi 150 kiloqram, maksimal sürəti isə saatda 800 kilometrdir.
“Destinus” şirkəti “Ruta” ailəsinə daxil olan daha iki raket - “Block 2” və “Block 3” modellərini də təqdim edib. Bu raketlər süni zəka sistemləri ilə təchiz olunub və 1 500 kilometrədək artırılmış uçuş məsafəsinə malikdir.
Bildirilir ki, “Ruta Block 1” bu ailədə kütləvi tətbiq, o cümlədən yaylım atəşi ilə buraxılışlar üçün qiyməti optimallaşdırılmış yeganə raketdir. Digər iki model isə daha güclü olmaqla yanaşı, ayrı-ayrı hədəflərə qarşı fərdi tətbiq üçün hazırlanıb.
Bu raketin istifadəsinin mühüm xüsusiyyətlərindən biri onun Avropa müdafiə sənayesinin məhsulu olması və Rusiya-Ukrayna müharibəsi zamanı artıq praktiki tətbiq tapmasıdır.
“Le Parisien” nəşri vurğulayıb ki, bu, Rusiya prezidenti Vladimir Putin üçün həm hərbi, həm də simvolik baxımdan ciddi zərbə olub. Nəşrin fikrincə, “Destinus” Ukraynadakı müharibə ərzində ən əhəmiyyətli uzaqmənzilli zərbələrdən birində birbaşa əməliyyat rolunu oynayıb. Bu isə Qərb silah istehsalçıları üçün nadir haldır.
Xatırladaq ki, noyabrın 17-də Krım körpüsünə zərbələr endirilməsi əməliyyatı zamanı müxtəlif zərbə vasitələrindən istifadə olunub. Bunlar arasında “Dovbuş”, “Vendetta”, Da Vinci, “Sıçen”, MICH 2000, “Ruta”, “Palyanitsa”, An-197, FP-1, FP-5 “Flaminqo” və R-360 “Neptun” yer alıb.
Əməliyyatın əsas mərhələsində körpünün avtomobil hissəsini vuran “Palyanitsa” PUA-ları, eləcə də dəmir yolu hissəsinə zərbə endirən “Neptun” raketləri, “Ruta” PUA-ları və FP-5 raketləri mühüm rol oynayıb.
Məqalədə qeyd olunub ki, Kreml Krım körpüsünü dünyanın ən yaxşı qorunan obyektlərindən biri adlandırır və onu öz gücünün rəmzi kimi təqdim edirdi. İndi isə Rusiyanın qüdrət rəmzi hesab edilən körpünün konstruksiyalarının bir hissəsi dənizin dibindədir. Körpünün avtomobil hissəsinə zərbələr endirmək üçün “Palyanitsa” raket-PUA-larından istifadə olunub və nəticədə aşırım konstruksiyaları suya çöküb.
Sevinc Əliyeva Ordu.az
1 mənbə