Rusiyalı analitik: “İrəvan Avropa istiqamətində irəliləyərkən Rusiya və AİB ilə münasibətlərin uzunmüddətli nəticələrini dəqiqləşdirməlidir”


“Alternativ yaratmaq cəhdi onsuz da mürəkkəb geosiyasi vəziyyətdə yeni çağırışların meydana çıxmasına səbəb ola bilər”.
Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Aleksandr Xramçixin Ermənistan-Rusiya münasibətlərindəki böhranı və Cənubi Qafqazda geosiyasi rəqabəti şərh edərkən bildirib.
Analitikin sözlərinə görə, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin bəyanatını Ermənistan-Rusiya münasibətlərində dərinləşən böhran və Cənubi Qafqazda geosiyasi rəqabət kontekstində qiymətləndirmək lazımdır. O hesab edir ki, dekabr ayında baş tutacaq üç səfər dialoqu qoruyub saxlamaq üçün imkan yarada bilər. Lakin burada əsas məsələ görüşlərin sayı deyil, dialoqun keyfiyyəti və siyasi ziddiyyətləri aradan qaldırmaq iradəsidir.
Xramçixin vurğulayıb ki, Ermənistan Avropa istiqamətində hərəkətini davam etdirəcəksə, eyni zamanda Avrasiya İqtisadi Birliyi və Rusiya ilə münasibətlərinin uzunmüddətli nəticələrini dəqiq müəyyənləşdirməlidir.
“Əks halda, alternativ yaratmaq cəhdi yeni problemlərin meydana çıxmasına səbəb ola bilər. Hazırkı vəziyyətdə ziddiyyətlər çoxdur. Xüsusilə problemli məqam ondan ibarətdir ki, rəsmi İrəvan sanki bu iki istiqamətin bir-biri ilə uyğun olmadığını qəbul edir, lakin eyni zamanda Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalır və Ermənistanın gələcəyini Avropa İttifaqında görür. Bu isə o deməkdir ki, Ermənistan hansısa mərhələdə Avrasiya İqtisadi Birliyini tərk etməyə hazırlaşır. Rusiyada məhz bunu problem hesab edirlər. Çünki rəsmi İrəvan Avrasiya İqtisadi Birliyini Ermənistan üçün keçid xarakterli, müvəqqəti birlik kimi qiymətləndirir.
Bir tərəfdən bildirirlər ki, Rusiya ilə münasibətləri pisləşdirmək istəmirlər və Avrasiya İqtisadi Birliyi çərçivəsində dialoqu vacib hesab edirlər. Digər tərəfdən isə Cənubi Qafqazda Rusiyanın təsirinin məhdudlaşdırılmasını öz strateji məqsədi hesab etdiklərini gizlətməyən siyasi qütblə əməkdaşlığı dərinləşdirirlər.
Bunlar tərəfdaş ölkələrdə başa düşülməyən ciddi ziddiyyətlərdir”, - deyə Xramçixin bildirib.
Alpər Mövludoğlu Ordu.az