Rusiyada dinozavr qalıqlarının aşkar edildiyi qazıntı sahəsində paleopark yaradılacaq


Blagoveşensk şəhərində dinozavr qalıqlarının aşkar edildiyi və hazırda arxeoloji-paleontoloji qazıntıların aparıldığı ərazidə turizm məqsədli paleoparkın yaradılması planlaşdırılır.
Tiraj.az xəbər verir ki, bu barədə Amur vilayətinin hökumətindən məlumat verilib.
Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin Geologiya və Təbiətdən İstifadə İnstitutunun tədqiqatlar apardığı ərazidə 3,5 min kvadratmetr sahəni əhatə edən xüsusi məkan yaradılacaq.
Parkda mühazirələrin keçirilməsi üçün besedka quraşdırılacaq, qazıntı sahəsinin üzərində isə xüsusi örtülü anqar inşa ediləcək. Bundan əlavə, ərazidə mövzuya uyğun heykəllər yerləşdiriləcək.
Paleoparkın yaradılmasına baxmayaraq, elmi qazıntılar davam etdiriləcək. Turist marşrutu elə təşkil olunacaq ki, ziyarətçilərin ərazidə olması paleontoloqların tədqiqatlarına mane olmasın.
“Paleopark regionun unikal turizm məkanına və fərqləndirici xüsusiyyətinə çevrilə bilər. Bu layihə çərçivəsində qeyri-adi elmi-maarifləndirici marşrut yaradılacaq. Bunun sayəsində şəhər sakinləri və qonaqları real qazıntı sahəsində vilayətin qədim tarixi ilə tanış ola biləcəklər”, – Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib.
Qeyd edək ki, Blagoveşensk dünyada dinozavr qalıqlarının aşkar edildiyi yeganə belə əraziyə malik olduğunu iddia edir. Bu məkanın özünəməxsus xüsusiyyəti isə daşlaşmış qalıqların torpaqdan asanlıqla çıxarıla bilməsidir.
Daha əvvəl qubernator Vasili Orlov dinozavrların Blagoveşenskin əsas turizm cəlbediciliyinə çevrildiyini bildirmişdi. Onun sözlərinə görə, məhz bu amil üç ay ərzində şəhərin yerli muzeyinə 50 min ziyarətçi cəlb edib.
Arif
1 mənbə
