Rusiya “Su-57” qırıcılarının yeni partiyasını təhvil verib


“Rostec” dövlət müdafiə şirkətinin tərkibində fəaliyyət göstərən Birləşmiş Təyyarəqayırma Korporasiyası Rusiya Aerokosmik Qüvvələrinə yeni “Su-57” qırıcıları təhvil verib.
Ordu.az xəbər verir ki, “Rostec”in tərkibində fəaliyyət göstərən Birləşmiş Təyyarəqayırma Korporasiyası Rusiya Aerokosmik Qüvvələrinə yeni “Su-57” qırıcılarının təhvil verildiyini açıqlayıb.
Bildirilib ki, təhvil verilən təyyarələr bütün zavod sınaqlarını tamamlayıb, Rusiya Müdafiə Nazirliyinə bağlı pilotlar tərəfindən müxtəlif uçuş rejimlərində sınaqdan keçirilib və daha sonra xidmət göstərəcəkləri hava bazalarına göndərilib.
“Rostec”in açıqlamasında yeni istehsal olunan “Su-57” qırıcılarının modernləşdirilmiş bort sistemləri və silah təchizatı ilə təhvil verildiyi bildirilib. Təkmilləşdirmələrin təyyarələrin missiya imkanlarını genişləndirməsi və yeni nəsil aviasiya sursatlarından istifadəni mümkün etməsi hədəflənir.
Rusiya Aerokosmik Qüvvələrində xidmət edən “Su-57” pilotu təhvil-təslimdən sonra açıqlamasında deyib: “Təyyarə xüsusi hərbi əməliyyat çərçivəsində artıq özünü uğurla sübut edib. Yeni texniki konfiqurasiya bu tip təyyarələrin tapşırıq sahələrinin genişləndirilməsinə töhfə verəcək. Silah sisteminə qazandırılan qabaqcıl imkanlar yeni nəsil aviasiya sursatlarından istifadəni mümkün edir”.
“Rostec” “Su-57”nin hava, quru və dəniz hədəflərinə qarşı tapşırıqları yerinə yetirə bilən çoxməqsədli qırıcı olduğunu bildirib. Beşinci nəsil qırıcının gecə və gündüz, çətin hava şəraitində, eləcə də radioelektron müdaxilə şəraitində tapşırıqları yerinə yetirə bildiyi qeyd olunub.
“Rostec”in açıqlamasında “Su-57”nin aşağı radar görünmə qabiliyyətinə malik qanadlı raketlər də daxil olmaqla, müasir aviasiya sursatlarından istifadə edə bildiyi bildirilib.
Şirkət yeni təhvil verilən təyyarələrin təkmilləşdirilmiş sistemlərlə təchiz edilməsinin Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat imkanlarını artıracağını açıqlayıb.
Birləşmiş Təyyarəqayırma Korporasiyasının baş direktoru Vadim Badeha “Su-57” qırıcılarının silah sistemlərinin və texniki imkanlarının daim təkmilləşdirildiyini açıqlayıb.
Badeha bununla bağlı deyib: “Beşinci nəsil “Su-57” aviasiya kompleksi öz sinfinin ən yaxşı təyyarəsidir. Qırıcı üzərində təkmilləşdirmə işləri davam etdirilir. Təyyarənin silahlarının və sistemlərinin imkanları artırılır”.
“Rostec” isə “Su-57” qırıcılarına Rusiya Aerokosmik Qüvvələrində yüksək tələbat olduğunu və istehsal müəssisələrində yeni təhvil partiyalarının hazırlandığını bildirib.
Şirkət dövlət müdafiə sifarişlərinin vaxtında yerinə yetirilməsi məqsədilə istehsal fəaliyyətinin fasiləsiz davam etdirildiyini qeyd edib. Son təhvil-təslim zamanı Rusiya Aerokosmik Qüvvələrinə neçə ədəd “Su-57” qırıcısının verildiyi barədə məlumat açıqlanmayıb.
Sevinc Əliyeva Ordu.az
