Rusiya, ABŞ və Çin dünyanı yenidən bölüşdürür? - AÇIQLAMA


"Rusiya, ABŞ və Çin Xalq Respublikasını İkinci Dünya müharibəsində qalib gəlmiş ölkələr statusu ilə yanaşı, beynəlxalq sülhün qorunmasına görə məsuliyyət də birləşdirir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində amerikalı və çinli həmkarları ilə üçtərəfli görüşdə deyib.
O qeyd edib ki, dünya müharibəsindən sonra Rusiya, Çin və ABŞ BMT-nin yaradılmasının təşəbbüskarları sırasında olublar, buna görə də beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi vəzifəsi onların üzərinə düşür.
"Mən öz tərəfimdən əminəm ki, Rusiya, Çin və ABŞ xalqları qarşılıqlı hörmət, bərabərlik və maraqlar balansına əsaslanan konstruktiv və tərəfdaşlıq şəklində əməkdaşlıq edərsə, dünyada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verə bilərlər”, - Vladimir Putin əlavə edib.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Rusiya, ABŞ və Çin hazırda dünyanın əsas qlobal gücləridir və dünya düzəninin formalaşmasında bu üç dövlətin mühüm rolu var:
"Başqa sözlə, onlar dünyada əsas söz sahibi olan ölkələr sırasındadır və qlobal siyasətdə mühüm yer tuturlar. Lakin burada bir məqamı da nəzərə almaq lazımdır: qlobal siyasi proseslərdə rol oynayan başqa dövlətlər də var. Xüsusilə son dövrlərdə Hindistanın mövqeyi xeyli güclənib. Hindistan faktiki olaraq Şərqdə Çinin mövqelərini sıxışdırmağa davam edir. Avropada da güclü dövlətlər var. Düzdür, Avropa bütövlükdə müəyyən böhran yaşayır, lakin Böyük Britaniya və Almaniyanın gücünü kiçiltmək olmaz. Bu dövlətlər də beynəlxalq proseslərdə nəzərə alınmalı qüvvələrdir. Təbii ki, bu ölkələr ABŞ, Rusiya və Çin səviyyəsində olmasalar da, qlobal sistemə müəyyən mənada təsir göstərmək imkanına malikdirlər”.
Politoloq qeyd edib ki, hazırda keçirilən görüşdə üç böyük nüvə dövlətindən söhbət gedir:
"Ancaq indiyədək nüvə silahının qlobal siyasətdə əsasən hədə-qorxu vasitəsi kimi istifadə edildiyinin şahidi olmuşuq. İkinci Dünya müharibəsindən sonra nüvə silahından istifadə edilməklə dünyanın siyasi xəritəsində hər hansı dəyişikliyin baş verdiyini görməmişik. Yalnız İkinci Dünya müharibəsi dövründə ABŞ Yaponiyaya qarşı nüvə silahından istifadə edib. Bu, Yaponiyada militarist hakimiyyətin devrilməsinə və ABŞ-a yaxın hökumətin formalaşmasına şərait yaradıb. Hazırda da Tokio ilə Vaşinqton arasında münasibətlər kifayət qədər yaxındır. Bütün bunlara baxmayaraq, nüvə gücündən bu kontekstdə danışılmasının o qədər də effektiv olduğunu düşünmürəm. Bu görüşdən sonra əsas münaqişə ocaqlarında vəziyyətin müəyyən qədər sabitləşməsi mümkündür. Buraya Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyət daxildir. Eyni zamanda, nəhayət, BMT-də uzun müddətdir gözlənilən islahatların gündəmə gəlməsi də mümkündür. Bu ölkələr Birləşmiş Millətlər Təşkilatını daha müasir formada yenidən dizayn edə bilərlər”.
Aynur Babazadə