Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirilib


BAKI, 19 noyabr. TELEQRAF
Bu gün riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsinə həsr olunan ictimai müzakirə keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə dövlət və özəl ümumi təhsil və ali təhsil müəssisələrinin qabaqcıl müəllimləri, dərslik müəllifləri və mütəxəssislər iştirak ediblər.
"Görüşün məqsədi riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat vermək, təhsil ictimaiyyətinin rəy və təkliflərini öyrənmək olub.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev dərsliklərin hazırlanması, sınaqdan keçirilməsi və ekspertizası prosesləri barədə məlumat verib. O, hər bir dərsliyin kütləvi istifadəyə verilməzdən əvvəl mütəxəssislər tərəfindən qiymətləndirildiyini, pilot tətbiqin nəticələrinin və ictimai rəylərin təkmilləşdirmə prosesində nəzərə alındığını bildirib.
Daha sonra ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov riyaziyyat fənni üzrə kurikulumun təkmilləşdirilməsi ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda beynəlxalq təcrübənin öyrənilməsi, standartlardakı təkrarların aradan qaldırılması, mövzuların siniflər üzrə ardıcıllığının yenilənməsi və məzmunun optimallaşdırılması məsələləri diqqətə çatdırılıb. Həmçinin təkmilləşdirilmiş kurikulumda qiymətləndirmə və sinifdaxili fəaliyyətlərlə bağlı tövsiyələrin yer aldığı bildirilib.
Ardınca dərslik müəllifi Zaur İsayev riyaziyyat dərsliklərinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, dərsliklərdə siniflərarası məzmun ardıcıllığının təmin olunması, şagirdlərin fərdi imkanlarına uyğun tapşırıqların hazırlanması, eləcə də pilot məktəblərdə aparılan müşahidələrin və müəllim rəylərinin təhlili barədə məlumat verib.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə çıxışında dərsliklərin təkmilləşdirilməsində müəllimlərin rəy və təkliflərinin öyrənilməsinin, açıq dialoqun əhəmiyyətini vurğulayıb. O, dərslik müəlliflərinin məktəblərə səfər edərək riyaziyyat müəllimləri ilə görüşməsini, onların tədris təcrübəsinə əsaslanan təkliflərini dinləməsini tövsiyə edib. Həmçinin müxtəlif fənlər üzrə ictimai müzakirələrin Bakı ilə yanaşı, regionlarda da keçirilməsinin vacibliyini qeyd edib.
Davam edən müzakirələrdə təhsil ictimaiyyətinin nümayəndələri riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin məzmununa dair rəy və təkliflərini bölüşüblər. Səsləndirilən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb", - məlumatda qeyd olunub.
Dərc vaxtına görə