Rejissor Tahir Tahiroviç: “Siz təkcə voleybol oynamırsınız. Siz Naxçıvanın adını yaşadırsınız, onun idman tarixində yeni səhifə açırsınız”


Naxçıvan idmanının futbol təcrübəsi də olub. «Araz» futbol klubu müxtəlif dövrlərdə Azərbaycan çempionatının birinci liqasında, sonralar Premyer Liqada iştirak edib. Ancaq təəssüf ki, bu iştiraklar davamlı, dayanıqlı və gözlənilən nəticələri verən bir idman sisteminə çevrilə bilməyib. Məncə, bunun əsas səbəblərindən biri işin ardıcıl və sistemli qurulmaması idi. Komanda yaratmaq bir məsələdir, onun ətrafında peşəkar idman infrastrukturu və ənənə formalaşdırmaq isə tamam başqa məsələ.
Voleybol Federasiyasının Naxçıvan filialının gördüyü işdə məni ən çox heyrətləndirən də məhz bu fərqdir.
Burada hər şeyin düşünülmüş, planlaşdırılmış və ardıcıl şəkildə həyata keçirildiyi hiss olunur. Qısa müddətdə elə bir sistem yaradılıb ki, artıq dünyanın müxtəlif ölkələrindən olan legioner voleybolçular Naxçıvanda yaşayır, məşq edir, bu şəhərin idman həyatının bir parçasına çevrilirlər. Bu, sadəcə oyunçuların bir araya gətirilməsi deyil. Bu, Naxçıvanın idman coğrafiyasının genişlənməsi, şəhərin tanınması və yeni idman mədəniyyətinin yaranması deməkdir.
Belə bir nəticə, əlbəttə, yalnız məşqçilərin və idmançıların zəhməti ilə izah oluna bilməz. Bu uğurun arxasında klub rəhbərliyinin, federasiya rəhbərliyinin idarəçilik bacarığı, dünyagörüşü, peşəkarlığı və idmana münasibəti dayanır. İdmanda düzgün rəhbərlik bəzən ən istedadlı oyunçu qədər vacibdir. Çünki istedadı tapmaq, onu yetişdirmək, düzgün istiqamətləndirmək və uzunmüddətli nəticəyə çevirmək üçün ağıllı sistem lazımdır.
Məncə, Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialı bu gün məhz belə bir sistemin əsasını qoyub.
Ən gözəl tərəfi isə odur ki, bu komanda artıq Naxçıvan idmansevərlərinə xüsusi bir həyəcan yaşadır. Oyun günləri azarkeşlik, gözlənti, qələbə sevinci, məğlubiyyətin təəssüfü – bütün bunlar idmanın yaratdığı o möhtəşəm emosiyalardır. Bir şəhərin öz komandası ilə nəfəs alması, onun uğuruna sevinməsi, məğlubiyyətinə üzülməsi böyük xoşbəxtlikdir.