Rafət Şirəliyev: “Sosial sahibkarlıq cəmiyyətin problemlərini imkanlara çevirmək bacarığıdır”


19 noyabr – Sosial Sahibkarlıq Günü münasibətilə “Yaradıcı Gənclər” İctimai Birliyinin İdarə Heyətinin sədri Rafət Şirəliyev sosial sahibkarlığın əhəmiyyəti, gənclərin bu sahədəki rolu və sosial problemlərin innovativ biznes yanaşmaları ilə həlli barədə fikirlərini bölüşüb.
Rafət Şirəliyev bildirib ki, sosial sahibkarlıq ənənəvi biznes yanaşmasından fərqli olaraq, iqtisadi gəlirlə yanaşı, cəmiyyət üçün müsbət sosial nəticə yaratmağı əsas məqsədlərindən biri kimi müəyyənləşdirir. Bu modeldə biznes fəaliyyəti yalnız gəlir əldə etmək vasitəsi deyil, eyni zamanda sosial problemlərin həllinə yönəlmiş davamlı mexanizmdir.
Onun sözlərinə görə, sosial sahibkarlıq istiqamətindəki təcrübəsi ona göstərib ki, cəmiyyətdə mövcud olan bir çox problemlərə fərqli yanaşmaq və onları yeni imkanlara çevirmək mümkündür. Xüsusilə məşğulluq, sosial inteqrasiya, qadınların iqtisadi fəallığı, ekoloji problemlər, regionlarda yerli potensialın inkişafı və həssas qrupların dəstəklənməsi kimi məsələlər sosial sahibkarlıq üçün geniş fəaliyyət imkanları yaradır.
Rafət Şirəliyev qeyd edib ki, gənclər sosial problemlərə yalnız yardım göstərilməsi tələb olunan məsələlər kimi deyil, həm də sahibkarlıq düşüncəsi ilə həll edilə biləcək çağırışlar kimi yanaşmalıdırlar.
“Biz gənclərə təklif etməliyik ki, ətraflarında gördükləri problemlərə fərqli suallar versinlər: Bu problemin həlli üçün hansı məhsul və ya xidmət yarada bilərəm? Bu həll öz fəaliyyətini necə maliyyələşdirə bilər? Yaratdığım model uzunmüddətli dövrdə necə davamlı ola bilər? Məhz bu suallar sosial sahibkarlıq düşüncəsinin formalaşmasına kömək edir.
Məsələn, regionda məşğulluq imkanlarının məhdud olması probleminə yerli qadınların və gənclərin istehsal etdiyi məhsulların rəqəmsal satışını təşkil etməklə, ekoloji tullantılara onların təkrar emalından yeni məhsullar yaratmaqla, sosial həssas qrupların məşğulluğuna isə onların bacarıqlarına uyğun xidmət və istehsal modelləri qurmaqla yanaşmaq mümkündür. Burada əsas məsələ sosial faydanı iqtisadi davamlılıqla birləşdirməkdir”, – deyə Rafət Şirəliyev bildirib.
O vurğulayıb ki, “Yaradıcı Gənclər” İctimai Birliyinin fəaliyyətində də sosial problemlərə yaradıcı və innovativ həll yollarının tapılması mühüm yer tutur. Təşkilat olaraq gənclərin yalnız sosial layihələrin iştirakçısı deyil, həm də sosial təsir yaradan təşəbbüslərin müəllifi və həyata keçiricisi olmasını vacib hesab edirik.
Rafət Şirəliyevin fikrincə, müasir dövrdə rəqəmsal texnologiyalar və süni intellekt sosial sahibkarlıq üçün yeni imkanlar açır. Gənclər kiçik resurslarla rəqəmsal xidmətlər, onlayn satış platformaları, maarifləndirici məhsullar, sosial innovasiya layihələri və yerli istehsalın tanıdılmasına xidmət edən biznes modelləri yarada bilərlər.
O, həmçinin qeyd edib ki, sosial sahibkarlığın inkişafı üçün gənclərə biznes planlaşdırılması, maliyyə savadlılığı, marketinq, rəqəmsal alətlərdən istifadə və layihələrin idarə olunması istiqamətində praktiki biliklərin verilməsi vacibdir.
Sonda Rafət Şirəliyev sosial sahibkarlıq sahəsində fəaliyyət göstərən bütün sahibkarları, təşəbbüskarları və sosial innovatorları 19 Noyabr – Sosial Sahibkarlıq Günü münasibətilə təbrik edib, onların fəaliyyətinə uğurlar arzulayıb:
“İnanıram ki, cəmiyyətin inkişafına töhfə verən hər bir biznes təşəbbüsü daha geniş dəstəyə layiqdir. Bütün sosial sahibkarlara fəaliyyətlərində davamlılıq, yeni tərəfdaşlıqlar və daha böyük sosial təsir arzulayıram. Gəlin, qazanc əldə etməklə yanaşı, insanların həyatında müsbət dəyişiklik yaradan biznes modellərinin də sayını artıraq”.
Views: 7
Post navigation