Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 77 faizi ötəcək - Vüqar Gülməmmədov


2027-ci ildə Azərbaycanın dövlət büdcəsi gəlirlərində qeyri-neft-qaz sektorundan daxilolmaların payının 60,6 faizə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda (ÜDM) payının 77 faizdən çox olacağı proqnozlaşdırılır. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov gələn ilin büdcəsini neft asılılığının azaldılmasında dönüş nöqtəsi kimi qiymətləndirib.
Fins.az xəbər verir ki, bunu Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, gələn ilin büdcə layihəsi iki mühüm xüsusiyyəti ilə fərqlənir. Birincisi, ÜDM-in strukturunda qeyri-neft-qaz sektorunun payının 77 faizdən çox olmasının proqnozlaşdırılmasıdır. Bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
İkinci mühüm məqam isə dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektorundan daxilolmaların payının 60,6 faizə çatdırılmasının nəzərdə tutulmasıdır. Bu göstərici də tarixi maksimum hesab olunur.
“2027-ci il büdcəsini neft asılılığının azaldılmasında dönüş nöqtəsi və eyni zamanda hərbi-sosial-investisiya xərclərinin optimal sintezi kimi xarakterizə etmək mümkündür”, – deyə V.Gülməmmədov bildirib.
Hesablama Palatası büdcə layihəsini üç istiqamət üzrə qiymətləndirib
Palata sədri qeyd edib ki, Hesablama Palatası büdcə layihəsini təhlil edərkən üç əsas məsələyə diqqət yetirir: layihənin qanunvericiliyin tələblərinə uyğunluğu, büdcə parametrlərinin etibarlılığı və dövlət maliyyəsinin orta və uzunmüddətli dayanıqlılığı.
Onun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil edilmiş digər sənədlər hüquqi tələblər baxımından təhlil edilib. Bəzi göstəricilərin təkmilləşdirilməsinə ehtiyac müəyyənləşdirilsə də, mərkəzi icra hakimiyyəti orqanları ilə aparılan müzakirələr nəticəsində büdcə sənədlərinə müvafiq dəqiqləşdirmələr və əlavələr edilib.
V.Gülməmmədov aparılmış təhlillərin büdcə sənədləşməsinin əsas aspektlər üzrə müvafiq hesabatlılıq çərçivəsinə uyğun, əsasən düzgün və etibarlı təqdim olunduğunu göstərdiyini vurğulayıb.
Dövlət borcunun ÜDM-ə nisbəti 17,3 faizdir
Fiskal dayanıqlılıq məsələsinə toxunan Palata sədri Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinin beynəlxalq kritik hədlərdən əhəmiyyətli dərəcədə aşağı olduğunu bildirib.
Belə ki, 2026-cı il oktyabrın 1-nə bu göstərici 17,3 faiz təşkil edib. Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondunun ehtiyatları ölkənin likvidlik və kontr-tsiklik maliyyə imkanlarını gücləndirərək borc dayanıqlılığına dəstək verir.
“Ölkənin fiskal fəzası xarici makroiqtisadi şoklara qarşı effektiv maliyyə immunitetinə malik olsa da, zamanlararası büdcə məhdudiyyətinin davamlı təmin edilməsi üçün milli fiskal qaydaların, o cümlədən qeyri-resurs gəlir bazasının institusional gücləndirilməsi fundamental şərt olaraq qalır”, – deyə o bildirib.
Cari xərclərin büdcədəki payı 62,3 faizə yüksələcək
V.Gülməmmədov qeyri-neft gəlirləri hesabına cari xərclərin tam qarşılanmasını ortamüddətli dövr üçün mühüm hədəf kimi qiymətləndirib.
Bununla yanaşı, o, cari xərclərin dövlət büdcəsindəki payının artmasına diqqət çəkib. Palata sədrinin sözlərinə görə, bu göstəricinin 60,4 faizdən 62,3 faizə yüksəlməsi uzunmüddətli maliyyə dayanıqlılığı baxımından müəyyən risklər yarada bilər.
Bu səbəbdən V.Gülməmmədov cari xərclərin artım tempinə büdcə qaydaları çərçivəsində limit qoyulmasını təklif edib.
Çıxışının sonunda Hesablama Palatasının sədri aparılmış təhlillərin nəticələrinə əsasən, Milli Məclisə təqdim edilmiş 2027-ci il dövlət büdcəsi layihəsinin qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlandığını və ölkənin qarşısında duran əsas vəzifələrin, strateji hədəflərin maliyyə təminatına xidmət edəcəyini bildirib.
1 mənbə