Qətər və Almaniya Hörmüz boğazında gəmiçiliyin azadlığının qorunmasına çağırıb


Qətər və Almaniya Hörmüz boğazının bağlanmasına və orada gəmiçiliyin azadlığına mane olan istənilən addımları qətiyyətlə rədd etdiklərini bəyan edərək, İranın hücumlarını pisləyib və regionda təhlükəsizliyin təmin olunmasına çağırıblar.
Ordu.az xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” nəşri məlumat yayıb.
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin Berlinə dövlət səfərinin yekununda yayılan birgə bəyanatda iki ölkə Hörmüz boğazının bağlanmasına və orada sərbəst gəmiçiliyə mane olmağa yönəlmiş istənilən addımları “qəti şəkildə rədd etdiklərini” vurğulayıblar.
Tərəflər ticarət marşrutlarının və dəniz dəhlizlərinin hər kəs üçün heç bir rüsum və məhdudiyyət olmadan açıq, sərbəst və əlçatan qalmalı olduğunu bildiriblər.
Birgə bəyanatda İranın ticarət gəmilərinə qarşı hücumları və təhdidləri kəskin şəkildə pislənib. Bu addımların dəniz təhlükəsizliyinə və qlobal ticarətə birbaşa təhdid yaratdığı qeyd olunub.
Sənəddə İranın Qətərə və regiona qarşı hücumları da suverenliyin, beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması, eləcə də regional sabitliyə təhdid kimi qiymətləndirilib.
Qətər və Almaniya BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə əməl etməyə, beynəlxalq hüquqa uyğun olaraq gəmiçilik azadlığına hörmət göstərməyə və regional təhlükəsizliyi təhdid edən addımlardan çəkinməyə çağırıblar.
Qətər və Almaniya Yəməndə və Səudiyyə Ərəbistanında husilərin həyata keçirdiyi hücumları da qətiyyətlə pisləyərək hər iki hökumətlə tam həmrəylik ifadə ediblər.
Birgə bəyanatda husilər hərbi əməliyyatları və mülki gəmiçiliyə hücumları dayandırmağa, siyasi prosesə qayıtmağa çağırılıblar. Sənəddə İranın hərəkətlərinin Körfəz ölkələrinin suverenliyini və beynəlxalq hüququ pozduğu bildirilib.
Tərəflər İranı husiləri silahla təmin etməyi dayandırmağa çağırıb, Yəmənin ərazi bütövlüyünə dəstəklərini bir daha təsdiqləyib və BMT-nin xüsusi elçisi Hans Qrundberqin danışıqlar yolu ilə siyasi razılaşma əldə etmək səylərinə dəstək veriblər.
Qətər və Almaniya regionun təhlükəsizliyini və sabitliyini qorumaq üçün ballistik raketlərdən istifadə nəticəsində yaranan təhdidlərə son qoyulmasının vacibliyini vurğulayıblar. Onlar İrandan qaynaqlanan bütün təhdidləri rədd etdiklərini bildirərək Tehranın regiondakı silahlı qruplara dəstəyini, maliyyələşdirməsini və silah tədarükünü dayandırmasının vacibliyini qeyd ediblər.
Doha və Berlin, həmçinin İranın heç bir halda nüvə silahı hazırlamamalı və ya əldə etməməli olduğunu bir daha bəyan ediblər. Regional və beynəlxalq sülhün, təhlükəsizliyin dəstəklənməsi üçün birgə koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Birgə bəyanatda Qətər və Almaniyanın regional proseslər, təhlükəsizlik və beynəlxalq dəniz sabitliyi ilə bağlı mövqelərinin üst-üstə düşdüyü bildirilib. Tərəflər qaydalara əsaslanan beynəlxalq nizama və BMT Nizamnaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.
Onlar İranı Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə imzalanmış hərtərəfli təminatlar sazişi çərçivəsində öhdəliklərinə əməl etməyə çağırıblar. İranın nüvə proqramının dinc xarakter daşımasına zəmanət verilməsi üçün agentliklə tam əməkdaşlığın vacibliyi vurğulanıb.
Fələstin məsələsi ilə bağlı liderlər danışıqlar yolu ilə iki dövlətli həllə, Qəzza münaqişəsinin həlli üzrə yol xəritəsinin tam icrasına, humanitar yardımın maneəsiz çatdırılmasına və beynəlxalq hüquqa riayət olunmasına dəstəklərini bir daha ifadə ediblər.
Ukrayna ilə bağlı isə ölkənin suverenliyinə və ərazi bütövlüyünə dəstək verilib. Tərəflər dərhal atəşkəsə hazırlıqla bağlı müsbət mövqeni alqışlayaraq ciddi sülh danışıqlarının aparılmasının və enerji infrastrukturunun bərpasının vacibliyini vurğulayıblar.
Qətər və Almaniya Suriyanın iqtisadi və maliyyə baxımından bərpasının əsas prioritetlərdən biri olduğu barədə razılığa gəliblər. Onlar Yaxın Şərqdə sabitliyə töhfə verə və suriyalı qaçqınların geri qayıtmasını asanlaşdıra biləcək sabit Suriyanın formalaşması ilə bağlı ortaq baxışlarını ifadə ediblər.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
