Amerikalı mühəndisin gözü ilə – Stalinin sənayeləşdirmə siyasəti


Sovet tarix dərsliklərində, o cümlədən Vladimir Medinskinin əsərlərində Birinci beşillik dövründə SSRİ-də həyata keçirilən sənaye və tikinti layihələri müasir tarixdə analoqu olmayan nəhəng iqtisadi proqram kimi təqdim olunur. Bu iddialar, əsasən, layihələrin miqyasına və əldə olunduğu bildirilən nəticələrə əsaslanır.
Lakin arxiv sənədlərində həmin dövrün tikinti həcmini tamamilə fərqli şəkildə qiymətləndirən maraqlı bir mənbə var. Söhbət amerikalı tikinti mühəndisi Zara Vitkinin 1934-cü ilin yanvarında Varşavadakı ABŞ səfirinə verdiyi geniş və məxfi müsahibədən gedir.
Zara Vitkin 1932-ci ildən Ümumittifaq Tikinti Trestində – “Soyuzstroy”da tikinti üzrə məsləhətçi vəzifəsində çalışırdı. Bu iş ona Sovet İttifaqının tikinti sahəsindəki real göstəriciləri ilə tanış olmaq imkanı verirdi.
ABŞ-yə qayıtdıqdan sonra Vitkin “Stalin Rusiyasında amerikalı mühəndis” adlı xatirələrini qələmə aldı. 1900–1940-cı illərdə yaşamış mühəndisin bu əsəri yalnız 1991-ci ildə, ölümündən təxminən yarım əsr sonra nəşr olundu. Xatirələr sənayeləşmə dövrünün öyrənilməsi baxımından maraqlı tarixi şahidliklərdən biri hesab edilir.
Həmin müsahibədən bir parçanı təqdim edirik:
1932-ci ilin sentyabrında Sergey Nemets adlı bir şəxs – vaxtilə Filadelfiyada yerləşən “Stone and Webster” şirkətində mühəndis işləmiş, həmin il isə “Soyuzstroy”a rəhbərlik edən şəxs – Vitkinə müraciət edərək İkinci beşillik çərçivəsində Rusiyada tikinti sahəsinin səmərəliliyini artırmaq üçün proqram hazırlamağı xahiş etdi.
Vitkin bu tapşırığı yerinə yetirdi və layihəni müsahibədən bir neçə ay əvvəl başa çatdırdı. Onun planının bütövlükdə qəbul edilib-edilməyəcəyi məlum deyildi. Bununla belə, sənəddəki bəzi müddəalar artıq praktikada tətbiq olunurdu.
Bu layihə üzərində işləyərkən Vitkin boş vaxtının yeddi ayını Birinci beşilliyin göstəricilərinin kəmiyyət təhlilinə həsr etdi. Özünün dediyinə görə, həmin müddətdə o, demək olar ki, yalnız işləyir, yemək yeyir və yatırdı. Birinci beşilliyə dair sənədləri əvvəlki tədqiqatlarını apardığı zaman göstərdiyi diqqət və dəqiqliklə araşdırdı. Nəticədə özü üçün də gözlənilməz qənaətə gəldi.
Onun tədqiqatının əsas məğzi belə idi:
Birinci beşillik üçün nəzərdə tutulan vəsaitin həcmi həm SSRİ-də, həm də xaricdə yanlış şərh olunurdu. Plana daxil edilmiş 64 milyard rublun yalnız 31 milyardı tikinti işlərinə ayrılmışdı. Qalan vəsait isə inzibati, hərbi və istismar xərclərinin ödənilməsinə nəzərdə tutulmuşdu.
Vitkinin məqsədi Birinci beşillikdə planlaşdırılan yeni tikintinin həcmini 1922–1932-ci illərdə ABŞ-də həyata keçirilmiş tikinti işləri ilə müqayisə etmək idi. O, sovet və Amerika tikinti həcmlərini müvafiq olaraq rubl və dollar ifadəsində müqayisə etməyə çalışırdı.
Mühəndis sənaye müəssisələrini, ictimai binaları, yaşayış evlərini, avtomobil və dəmir yollarını, eləcə də digər tikinti sahələrini ətraflı təhlil etdi. Araşdırmasının sonunda belə qənaətə gəldi: Birinci beşillik plan bütövlükdə götürüldükdə, yalnız 1922–1932-ci illərdə ABŞ-də bir il ərzində həyata keçirilən orta illik tikinti işlərinin həcmi ilə müqayisə oluna bilərdi.
Mən onun gəldiyi nəticəni başqa cür ifadə etdim və Vitkin də bunun düzgün olduğunu təsdiqlədi: Birinci beşillik plan tam yerinə yetirilsəydi belə, Sovet Rusiyasında beş il ərzində həyata keçiriləcək yeni tikintinin ümumi həcmi 1922–1932-ci illərdə ABŞ-də orta hesabla bir il ərzində görülən tikinti işlərinin həcmindən az olacaqdı.
Vitkinin sözlərinə görə, bu nəticənin mümkün xəta payı 20 faizdən çox deyildi. O, gəldiyi qənaəti beş fərqli üsulla yoxlamışdı:
* Hər iki ölkədə tikinti sahəsində çalışan işçilərin sayı əsasında;
* Hər ölkədə əmək məhsuldarlığı göstəricilərinə əsasən;
* İşçilərin əməkhaqqı səviyyəsini müqayisə etməklə;
* Tikinti materiallarının hər iki ölkədəki dəyərini nəzərə almaqla;
* Hər ölkədə istehsal olunan tikinti materiallarının həcmini müqayisə etməklə.
Natiq Səlim, KONKRET.az