Qərb Rusiyanı Cənubi Qafqazdan çıxara biləcəkmi? - ANALİZ


"Qərbin Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxarması, ən azı indiki mərhələdə, olduqca çətin görünür. Çünki Ermənistanı bir kənara qoysaq belə, Cənubi Qafqazın tərkib hissəsi hesab olunan Abxaziya və Cənubi Osetiya Rusiyanın nəzarəti altındadır. Ermənistanda Rusiyanın hərbi bazası fəaliyyət göstərir. Bundan əlavə, Ermənistanın Türkiyə və İranla sərhədlərində Rusiyanın sərhədçiləri uzun müddət nəzarəti həyata keçirib. Hazırda bu istiqamətdə nəzarət tədricən Ermənistan tərəfinə ötürülsə də, Rusiyanın hərbi və iqtisadi təsir imkanları qalmaqdadır. Ermənistanın dəmir yolu infrastrukturu da hələ də Rusiya Dəmir Yollarının idarəçiliyindədir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib.
Qeyd edək ki, Cənubi Qafqazda geosiyasi rəqabət getdikcə daha da kəskinləşir. Avropa İttifaqı və ABŞ-ın regiona marağının artması, Almaniyanın Azərbaycan və Ermənistana diplomatik təmasları, eləcə də İrəvanın Qərblə yaxınlaşması Rusiyanın bölgədəki mövqelərinin gələcəyini yenidən gündəmə gətirib. Moskva isə ənənəvi təsir imkanlarını qorumağa çalışır.
Siyasi şərhçi bildirib ki, Rusiyanın Gürcüstanda da təsir imkanları mövcuddur.
"Azərbaycanda da Rusiyanın müəyyən təsir imkanları var. Rusiya Cənubi Qafqazdan yalnız Rusiya Federasiyasının SSRİ-nin dağılması kimi parçalanacağı və onun yerində ayrıca rus respublikasının yaranacağı halda tamamilə çıxarıla bilər. Əks halda, Rusiya Cənubi Qafqazdan heç vaxt tamamilə uzaqlaşmayacaq. Sadəcə, ayrı-ayrı dövrlərdə regiondakı mövqeləri zəifləyə və ya güclənə bilər. Çünki regionun hər bir ölkəsində Rusiyanın az və ya çox dərəcədə təsir rıçaqları mövcud olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az
