Qəhvənin bağırsaqlara təsiri araşdırıldı: Alimlər maraqlı nəticələr əldə etdi


Qəhvə yalnız insanı gümrahlaşdırmır, həm də həzm sisteminin fəaliyyətinə və bağırsaqlarda yaşayan mikroorqanizmlərin tərkibinə təsir göstərir. Yeni araşdırma bu içkinin bağırsaq mikrobiotasının müxtəlifliyini artıra və yoğun bağırsağın fəaliyyətini stimullaşdıra biləcəyini üzə çıxarıb.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri “NewsNation” nəşrində işıqlandırılıb.
Tədqiqatda 61 sağlam yetkin könüllü iştirak edib. Alimlər səkkiz gün ərzində onların qidalanma rejimini və qəhvə istehlakı vərdişlərini izləyiblər. İştirakçılar bu müddətdə gündəlik qidalanmalarını və adətən içdikləri qəhvənin miqdarını dəyişməyiblər.
Həzm sisteminin fəaliyyətini qiymətləndirmək üçün könüllülər xüsusi “SmartPill” kapsulunu da udublar. Bu cihaz mədə-bağırsaq traktının müxtəlif hissələrində temperaturu, turşuluq səviyyəsini (pH) və bağırsaq yığılmalarının intensivliyini ölçməyə imkan verib.
Nəticələr göstərib ki, müşahidə müddətində üç gündən çox qəhvə içən iştirakçılarda bağırsaq mikrobiotasının müxtəlifliyi daha yüksək olub. Bundan başqa, həmin şəxslərdə yoğun bağırsağın yığılmaları daha tez-tez müşahidə edilib. Bu proses bağırsaq möhtəviyyatının hərəkətini sürətləndirir və nəcisin müntəzəm xaric olunmasına kömək edir.
Qəhvə bağırsaq bakteriyalarına necə təsir edir?
Tədqiqat müəlliflərinin fikrincə, qəhvənin təsiri yalnız onun tərkibindəki maddələrin bağırsaq bakteriyalarına birbaşa təsiri ilə məhdudlaşmır. İçkinin komponentləri və onların orqanizmdə parçalanması nəticəsində yaranan maddələr mikroorqanizmlərin yaşadığı mühitə də təsir göstərə bilər.
Alimlər hesab edirlər ki, qəhvə bağırsaqlarda fizioloji prosesləri dəyişdirərək müəyyən mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yarada bilər.
Araşdırmada qəhvənin həm mikrobiotanın tərkibi və müxtəlifliyi, həm də bağırsaqların fizioloji fəaliyyəti ilə əlaqəli olduğu vurğulanıb.
Bununla belə, tədqiqatın cəmi 61 nəfəri əhatə etməsi və səkkiz gün davam etməsi nəticələrin bütün insanlara şamil olunmasına imkan vermir. Qəhvənin bağırsaq sağlamlığına uzunmüddətli təsirlərini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.
Samir
1 mənbə
