Keçmişin mirası, gələcəyin imkanları

4 dəq oxu
Xəbər
20-11-2026 12:41
ŞƏRH
A+ Yazını böyüt
A- Yazını kiçilt
Elnarə Akimova, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, Filologiya elmləri doktoru
Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin tarixi köklərini, bugünkü əməkdaşlıq imkanlarını və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının fikirləri göstərir ki, onilliklər ərzində formalaşmış dostluq münasibətləri artıq yeni geosiyasi və iqtisadi reallıqlar şəraitində strateji tərəfdaşlıq məzmunu qazanır.
Azərbaycan–Vyetnam dostluğunun tarixi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə başlayır. Bu səfər xalqlarımız arasında qarşılıqlı rəğbət və etimadın möhkəmlənməsində mühüm rol oynayıb. 1983-cü ildə isə Heydər Əliyevin başçılıq etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri münasibətlərin inkişafında yeni mərhələ açıb. Ümummilli Liderin təşəbbüsü ilə səfərin səkkiz günədək uzadılması və ölkənin əsas regionlarını əhatə etməsi Vyetnamın inkişafına göstərilən diqqətin ifadəsi idi. Həmin səfərdə əldə olunan razılaşmalar ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, uzunmüddətli əməkdaşlığın istiqamətlərini müəyyənləşdirdi.
Bu tarixi əlaqələr sonrakı illərdə də ardıcıl inkişaf etdirilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri siyasi dialoqun davamlılığını təmin edən mühüm hadisələr olub. Münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidi isə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri ilə bağlıdır. Səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələri yeni siyasi-hüquqi müstəviyə yüksəldib, energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik daxil olmaqla geniş sahələrdə əməkdaşlığın əsaslarını müəyyənləşdirib.
Bu tərəfdaşlığın mühüm cəhətlərindən biri siyasi dialoqun müxtəlif səviyyələrdə və institusional əsasda davam etdirilməsidir. Hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları, aidiyyəti qurumlar, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq əlaqələrin möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda da qarşılıqlı fəaliyyət göstərirlər. Bütün bunlar münasibətlərin bərabərhüquqluluq və qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini təsdiqləyir.
Siyasi tərəfdaşlığın iqtisadi nəticələrlə möhkəmləndirilməsi qarşıdakı dövrün əsas hədəflərindəndir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər tərəflərin real iqtisadi imkanlarını tam əks etdirmir. Energetika sahəsində əməkdaşlıq bu potensialın reallaşdırılması üçün mühüm zəmin yaradır. SOCAR ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti – PetroVietnam arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində birgə fəaliyyət imkanlarını genişləndirir.
Mənbə
1 mənbə



