“Qəhrəmanlıq zirvəsi” - FOTO

4 dəq oxu
Xəbər
04 noyabr 2026 14:43
882
Noyabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) və “Modern İnkişaf və Ailə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyevanın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimat mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası əsasında uğurla inkişaf edir: “Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin şah əsəri, heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin bərpası oldu. Tarixi Zəfərin əldə olunmasında xalq-lider birliyi, şəhidlərin fədakarlığı və qazilərin qəhrəmanlığı mühüm rol oynayıb. Təqdim olunan nəşrdə də məhz bu məqamlardan geniş bəhs olunur”.
Hikmət Məmmədov qeyd edib ki, Azərbaycanın möhtəşəm Zəfər yolunun hərtərəfli tədqiqi və geniş ictimaiyyətə çatdırılmasında müxtəlif kütləvi nəşrlərin, o cümlədən elmi-tədqiqat işləri, əsərlər, monoqrafiya və kitabların da mühüm rolu var. O, “Qəhrəmanlıq zirvəsi” kitabının Azərbaycana möhtəşəm nailiyyətlər bəxş edən Heydər Əliyev ideya-siyasi xəttinin və Prezident İlham Əliyevin varislik prinsipinə əsaslanan siyasi kursunun öyrənilməsi və yeni nəslə aşılanması, müasir müstəqil və qalib Azərbaycanın zəngin və şərəfli inkişaf yolunun araşdırılması baxımından dəyərli mənbə olduğunu bildirib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin siyasi kursunun milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və müasir dövrün tələblərinə uyğun davam etdirilməsinin ölkəmizin inkişafına mühüm töhfə verdiyini deyib. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətinin artması nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub: “2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə mütləq suverenliyin təmini Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının məntiqi nəticəsidir”.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, təqdim olunan kitab şəhidlərin müqəddəs xatirəsinə, Vətən uğrunda sağlamlığını itirən qazilərin şərəfli mübarizə yoluna ehtiramın ifadəsidir: “Belə nəşrlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq, Vətənə sevgi və dövlətçilik ruhunda tərbiyə olunmasında, tarixi Zəfərimizin mahiyyətinin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət daşıyır”.
Mənbə
1 mənbə



