Qəbələdə əlilliyi olan və aztəminatlı ailələrin uşaqları üçün Yeni il şənliyi


01-01-2025 17:38
XƏBƏR
A+ Yazını böyüt
A- Yazını kiçilt
“Optimist Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin təşkilatçılığı və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qəbələ rayonunda əlilliyi olan uşaqların və aztəminatlı ailələrin övladlarının iştirakı ilə Yeni il şənliyi keçirilib.
Şənliyin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan və sosial baxımdan həssas ailələrdən olan uşaqlara bayram sevinci yaşatmaq, onların asudə vaxtının səmərəli təşkilinə töhfə vermək, cəmiyyətin diqqətini uşaqların sosial müdafiəsi və inklüziv mühitin əhəmiyyətinə yönəltmək olub.
Bayram tədbiri rəngarəng bəzədilmiş məkanda, Yeni il ab-havasında təşkil edilib. Uşaqlar Şaxta baba və nağıl qəhrəmanlarının iştirakı ilə keçirilən şənlikdə iştirak edib, bayram əhval-ruhiyyəsi yaşayıb, xatirə şəkilləri çəkdiriblər. Tədbir uşaqların sevincinə, ünsiyyət və birlik mühitinin yaranmasına xidmət edib.
Təşkilatçılar bildiriblər ki, əlilliyi olan uşaqların və aztəminatlı ailələrin övladlarının cəmiyyətin bütün sahələrində fəal iştirakının dəstəklənməsi, onların sosiallaşması və bərabər imkanlarla təmin olunması daim diqqət mərkəzində saxlanılmalıdır. Bu cür təşəbbüslər uşaqların özlərini cəmiyyətin ayrılmaz və dəyərli üzvü kimi hiss etməsinə, ailələrə mənəvi dəstəyin göstərilməsinə mühüm töhfə verir.
“Optimist Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi sosial həssas qruplara dəstək, uşaqların hüquqlarının və rifahının təşviqi, inklüzivliyin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. İctimai Birlik tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Qəbələ Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirir.
Dərc vaxtına görə