Qazaxda müasir güləş zalı istifadəyə veriləcək


Qazaxın idman paytaxtı seçilməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, millət vəkili Səməd Seyidov, Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev, AGF-nin Etika və İntizam Komitəsinin üzvü Firdovsi Umudov və güləş ictimaiyyətinin tanınmış simaları Qazax şəhər mərkəzi stadionunun ərazisində yerləşən güləş zalında aparılan təmir-bərpa işləriylə tanış olub.
Offsideplus.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, AGF-nin güləş infrastrukturunun yaxşılaşdırılması strategiyası çərçivəsində ARKOZ sement zavodu ilə birgə həyata keçirdiyi layihə regionda güləşin inkişafına, gənc idmançıların potensialının üzə çıxarılmasına və onların daha yaxşı məşq şəraiti ilə təmin olunmasına xidmət edir. Üç güləş xalçası ilə təmin ediləcək zalda fiziki hazırlıq məşqləri üçün xüsusi zona, məşqçilər otağı, soyunub-geyinmə otaqları, sanitar qovşaq və s. istifadəyə veriləcək.
Gələcəkdə Qazax güləş zalında milli komandaların təlim-məşq toplanışlarının keçirilməsi və məkanın regional güləş mərkəzinə çevrilməsi hədəflənir. Bu təşəbbüsün bölgədə yeni istedadların üzə çıxarılmasına mühüm töhfə verəcəyi gözlənilir.
