Çempionatın liderini qələbədən nə məhrum etdi?


I Liqanın mərkəzi qarşılaşmasında qol səsi çıxmadı.
Cümə axşamı MOİK-lə “Səbail”in qolsuz bərabərə qalması “Şahdağ Qusar”la “Gəncəbasar”ı qələbə qazanmağa məcbur edirdi.
Çünki qalib gələn tərəf, xüsusilə də qusarlılar, əsas rəqibləri ilə xal fərqini artıraraq çempionluq yolunda mühüm addım ata bilərdi.
Lakin gərgin keçən 90 dəqiqədə qapılara qol vurulmadı və komandalar meydanı hərəyə bir xalla tərk etdilər.
Sportinfo.az-a açıqlama verən “Şahdağ Qusar”ın müdafiəçisi Vüqar Həsənov qarşılaşmanı şərh edib:
“Bu qarşılaşma çox gərgin keçdi. Hər iki komanda meydanda əsl mübarizə nümayiş etdirdi.
Bizim bu oyunda əsas istəyimiz və məqsədimiz qələbə qazanmaq idi. İlk hissədə oyunumuz planlaşdırdığımız kimi alınmadı.
Lakin fasilədən sonra toparlandıq, hücumlarımızın kəsərini artırdıq. Təəssüf ki, yaratdığımız epizodlardan yararlana bilmədik və nəticədə qarşılaşma heç-heçə ilə yekunlaşdı.
Hesab edirəm ki, 2 xal itirdik. Amma artıq irəli baxırıq. Qarşıdakı oyunlara hazırlaşacağıq və mübarizəmizi davam etdirəcəyik”.
8 turdan sonra aktivində 19 xal olan qusarlılar turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
“Gəncəbasar” 17 xalla ikinci, “Karvan-Yevlax” 16 xalla üçüncüdür.
HƏBİB
