"Qarşımızda Avropa Kubokunda təcrübəsi olan rəqib vardı"

“Gəncə”nin baş məşqçisi Murad Dikmen “Kolossos”a qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb.
1Sport.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında basketbolçularının mübarizəsindən razı qaldığını bildirib:
“Meydanda sona qədər ürəklərini qoyan və ehtiyatda oturub hər an mübarizəyə qoşulmağa hazır olan basketbolçularıma təşəkkür edirəm. Oynayıb-oynamamasından asılı olmayaraq bir komanda olaraq çox yaxşı çıxış etdik, oyundan qopmadıq. Son saniyəyə qədər mübarizə apardıq. Avropa matçları daha fərqli səviyyədə keçir. Yeni transferimiz, oyun qurucumuz Donovan Donaldsonun da sıralarımıza qatılması gücümüzü artırdı.
Oyun planında həm hücum, həm də müdafiədə üzərimizə düşəni etdik. Məqsədimiz rəqibin ən çox xal yığan 5 nömrəli basketbolçusuna daha çox oynamaq imkanı yaratmaq idi. Çünki top onda olanda onlar kollektiv mübarizə apara bilmir, komanda yoldaşları oyundan qopurdular. Bu planın üzərində çalışdıq. Təəssüf ki, 21 nömrəli yerli basketbolçuları 6 dəfə dəqiq “3-lük” atıb oyun planımızı pozdu. Buna baxmayaraq öz addımlarımız bizi matçın içində saxladı, hətta bir dönəm görüşə nəzarət də bizdə oldu.
Amma yorğunluq və rotasiya edə bilməməyimiz oyunun son 2-3 dəqiqəsində özünü hiss etdirdi. Bununla belə mübarizədən qopmadıq, 7-8 xal geri düşsək də, hesabda rəqibə yaxınlaşdıq. Qarşımızda Avropa Kubokunda təcrübəsi olan rəqib vardı. Gün keçdikcə bizim də müəyyən təcrübəmiz yaranır, düzgün oynamağa çalışan komanda oluruq. Basketbolçularımız bir-birlərinə alışırlar. Eyni oyunu indi daxili çempionatda da sərgiləməliyik. Köməkçilərimə, komanda heyətinə təşəkkür edirəm. Ümid edirəm ki, Gəncədə oynayacağımız ev oyununda qalib gəlib azarkeşlərimizi, klub rəhbərliyini və bizi dəstəkləyən hamını sevindirəcəyik”.
