Qari Nevill: "Poçettino gənclərə inanan əla məşqçidir"


İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill Maurisio Poçettinonun "Mançester Yunayted"ə baş məşqçi təyin olunmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Nevill argentinalı mütəxəssisin həm insan, həm də məşqçi kimi üstün keyfiyyətlərə malik olduğunu vurğulayıb: "Dəfələrlə demişəm ki, bu vəzifəyə məhz onun gətirilməsini istəyirdim. O, əla insandır və təzyiqlə işləməyi bacarır. Klubun miqyasını yaxşı anlayır. Amma bütün kollektivin etimadını qazanmaq, komandanı birləşdirmək və qələbə uğrunda mübarizə aparacaq heyət formalaşdırmaq böyük vəzifədir. Poçettino gənc futbolçulara inanır, onları yetişdirməyə və inkişaf etdirməyə çalışır. Məhz bu, "Mançester Yunayted"də onun əsas işi olacaq. Həmişə Maurisio Poçettinonu bəyənmişəm. Bu vəzifəyə təyinat üçün doğru vaxtdırmı? Bunu yaxın bir-iki ildə biləcəyik. Ümid edirəm ki, o, vəzifəyə başlayarkən kifayət qədər sərt tələblər irəli sürüb və kluba tam nəzarəti ələ alıb".