Qalibaf ABŞ mediasını İsrail lehinə təbliğat aparmaqda ittiham edib


İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin CNN telekanalının İranın Vaşinqtonda “çirkli bomba” və ya kimyəvi silahdan istifadə edərək ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksəkvəzifəli rəsmilərini hədəfə almaq planları hazırladığı barədə məlumatına münasibət bildirib.
Qalibaf ABŞ mediasını İsrail lehinə təbliğat aparmaqda və müharibəyə təhrikçilikdə ittiham edib.
O, milyarder Larri Ellisonu da tənqid edərək, ABŞ mediasındakı bu fəaliyyətlərin onun razılığı ilə həyata keçirildiyini iddia edib. Qalibaf, həmçinin Ellisonun İsrail ordusuna xüsusi ianələr edən şəxslər arasında olduğunu bildirib.
İran parlamentinin sədri sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ABŞ mediasının “saxta bayraq əməliyyatları” və müharibə təhrikçiliyi ilə məşğul olduğunu irəli sürüb. Onun sözlərinə görə, hazırda media üzərində nəzarət prosesi sürətlə davam edir.